İkinci Qarabağ müharibəsində minlərlə mətin, qeyrətli oğlumuz 30 il düşmən tapdağında olan Vətən torpaqların azadlığı uğrunda canından, qanından keçərək şanlı tarix yazdılar. Beləcə 44 günə düşmən əsarətindən çıxan müqəddəs, ulu yurd yerimiz olan Qarabağın bağrına zəfər bayrağı sancanlardan biri də 1987-ci il dekabrın 25-də Cəlilabadın Göytəpə şəhərində dünyaya gələn Muxtar Rəhim oğlu Babayev idi. Muxtar həyatla tez vidalaşsa da, torpaq, Vətən uğrunda canından keçməklə gələcək nəsillərə də örnək olacaq şərəfli ömür yaşadı. Özü cismən olmasa da, adı şanlı hərb tariximizin bir hissəsi olmaqla , bütöv bir xalqın qəhrəmanlıq simvolu kimi çəkilir.
Muxtar Babayev 2006-ci ildən ürəyində mənfur düşmənə qarşı nifrət hissi cəbhə bölgəsində öz doğma Vətənin keşiyində durub. Nümunəvi xidməti, təlimlərdə fəallığı ona əsgər və zabitlərin yanında yaxşı hörmət qazandırıb. Hamı onu təmiz ürəkli, vicdanlı, qeyrətli, yurduna, torpağına bağlı gənc kimi sevib. Sözün qısası, əsgərlik həyatı mərdliklə, fədakarlıqla dolu olan Muxtar evə üzüağ qayıdıb...
Canına yağı dadanmış Vətəninin ağır günündə Muxtar heç cür rahat yaşamağı öz vicdanına sığışdıra bilməyib. Yerini hərbidə görən Cəlilabadın igid oğlu 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdıb. Bir müddət təcrübə keçəndən sonra kiçik çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq xidmət edib. Həm də yurdunu yağı tapdağından azad etmək üçün döyüşə atılmaq məqamını gözləyib. Və başa düşüb tezliklə o gün gələcək. Odur ki, ən ağır təlimlərdə fəallıq göstərib, müharibə meydanında yağıya amansız zərbələr vurmağa hazır durub.
Nəhayət kisik çavuş Babayev 2016-cı ilin Aprel döyüşlərindı erməni dığaları ilə üz-üzə gəlib. Vətənin qeyrətli oğlanları ilə bərabər Muxtarın vurduğu sarsıdıcı zərbələri nəticəsində düşmən hər gün çoxlu canlı qüvvə, texnika, hərbi sursat itirərək ağır məğlubiyyətlə qaçmağa üz qoyub. Nəticədə Lələ təpədə Azərbaycanın qələbə bayrağı ucaldan əsl qəhrəmanlardan biri də məhz Muxtar olub..
Düşməndən Vətənin qisası alınan gün- 27 sentyabr 2020-ci il gəlib çatıb. Ali Baş Komandanın verdiyi əmrə əsasən İkinci Qarabağ müharibəsi başlanıb. Yağıdan qisas almaq üçün alışıb, yanan Muxtar atıldığı ilk döyüşdə dığaların kabusuna çevrilib. Vətən, torpaq məhəbbəti sayəsindən neçə-neçə ağır sınaqlardan zəfərlə çıxıb. Daha sonda Xocavəndin azadlığı uğrunda mərdliklə savaşıb. Noyabr ayın 2-də düşmən gülləsi Muxtarın ürəyinə dəyib. Şəhid Muxtar Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bəli, Muxtar kimi oğlanların qanı bahasına 44 günlük Vətən müharibəsi Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl hərflər yazıldı, xalqımızın kimliyi, mənliyi bir daha bütün millətlərə bəlli olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü