Hər il iyun ayında Britaniyada monarxın “rəsmi ad günü” tədbiri olan “Tropping The Colour” bu il də təntənəli şəkildə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir saat 10:30-da Kral Çarlz III, Kraliça Kamilla və kral ailəsi üzvlərini daşıyan fayton kortejinin Bukinqem Sarayından yola düşməsi ilə başlayıb. Taxtın varisi Uels Şahzadəsi Uilyam, Edinburq hersoqu Şahzadə Eduard və Şahzadə Anna kortejin önündə yürüş edib.
Kortej Bukinqem Sarayından at mühafizəçilərinin kazarmalarına doğru hərəkət edib. Təntənəli yürüşdə 1400-dən çox əsgər, 200 at və 400 musiqiçi iştirak edib. Parad zamanı Kral və ailə üzvləri qara lentlər taxıblar. İyunun 12-si Əhmədabadda baş verən “Air India” təyyarə qəzasında həyatını itirən 241 nəfərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu il tədbir ekoloji yeniliklə də yadda qalıb. Hərbi şoudan sonra RAF-a aid “Red Arrows” akrobatik qrupu bioyanacaqla rəngli “flypast” təqdim edib.
Tədbirin son mərhələsində kral ailəsinin üzvləri, Kral və Kraliça, Uilyam və Keyt uşaqları ilə, eləcə də Şahzadə Anna, Şahzadə Eduard və digər işlək krallıq üzvləri Bukinqem Sarayının balkonuna çıxaraq izdihamı salamlayıblar.
Qeyd edək ki, Britaniya monarxları iki doğum günü keçirirlər. Britaniya monarxının doğum günü rəsmi olaraq “Trooping The Colour” tədbiri ilə hər il iyun ayındakı şənbə günlərindən birində keçirilir. Monarxın doğum günü isə ailə arasında qeyd edilir. Kral Çarlz 14 noyabr 1948-ci ildə dünyaya gəlib.