17 iyun 2025 15:25
118

“Aqrar Tədarük və Təchizat” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Fuad Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş insan hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər, o cümlədən aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. 

Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əməkdaşların və fermerlərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirilir. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olduğunu xatırladan Birliyin sədr müavini əlavə edib ki, fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur. Aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsini təmin etmək üçün mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir, görüşlər təşkil olunur.

Digər çıxış edənlər də Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.