Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Ötən ildən etibarən Azərbaycandan Şimali Makedoniyaya təbii qaz təchizatının uğurla davam etdirildiyi, bu əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsinə maraq göstərildiyi və enerji tərəfdaşlığının inkişafına Şimali Makedoniya parlamenti tərəfindən tam dəstək ifadə olunduğu bildirilib.
Söhbət zamanı Azərbaycan tərəfindən Avropa İttifaqı və üzv ölkələrlə həyata keçirilən enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, “yaşıl enerji dəhliz”ləri və bərpaolunan enerji mənbələrinin inkişafı barədə məlumat verilib. Azərbaycanın 2027-ci ilə qədər ölkə üzrə quraşdırılmış enerji gücündə bərpaolunan mənbələrin payını 33 faizə, 2035-ci ilə qədər isə 44 faizə çatdırmaq planları və Avropa bazarına “yaşıl enerji” ixracı istiqamətində atılan addımlar müzakirə olunub. Bu kontekstdə “yaşıl enerji” tədarükü imkanları da dəyərləndirilib.