19 iyun 2025 03:02
166

Vətəndaş məmnunluğu əsasdır

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində növbəti mühüm addımdır

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu baxımdan Azərbaycanın artıq dünyada sosial dövlət kimi nüfuz qazanması səbəbsiz deyil. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. Ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması da özündə bütün çağırışları ehtiva edir. Günümüzün əsas hədəfi budur ki, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Məhz bu amillərə söykənərək böyük əminliklə qeyd edirik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, eyni zamanda, əldə olunan gəlirlərin təyinatı üzrə xərclənməsi, şəffaflıq prinsipinin təmin olunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığını şərtləndirir.

Neftlə zəngin çox ölkələr olmasına baxmayaraq, bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını dünya təcrübəsinə əsasən düzgün müəyyənləşdirməsi bu problemlərin yaşanmamasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar, imzaladığı Fərman və sərəncamlar xalq tərəfindən dəstəklənir, böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin ötən il dekabrın sonlarında imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərdi. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırıldı.

2019-cu ildən bu günədək beş sosial paket layihəsi icra edilib. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Fərmanla 5-ci sosial islahat paketinin icrasının növbəti tamamlayıcı addımı olaraq 2025-ci il iyulun 1-dən etibarən sosial müavinət və təqaüdlərin artırılması təmin ediləcək. Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir. Artımların şamil olunduğu kateqoriyalar da əsasən şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır. Həmin kateqoriyalardan olanlara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə artımların edilməsi, son illər həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin öz vətəndaşlarına xüsusi qayğısının əməli təzahürüdür.

Sosial sahə çoxşaxəlidir. Bura özünüməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Ümumilikdə əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılmasının vacibliyi bildirildi. Təbii ki, bu, ölkəmizin iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycanın iqtisadi imkanları artdıqca, bu, ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir. Əvvəldə də qeyd etdiyimiz kimi, sosial siyasətin əsas tərkib hissələrindən biri şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilməsidir. Sosial xidmət sahəsində təkmilləşmə, yenişləşmə diqqətdən kənarda qalmır. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi yaradılıb. Sosial xidmətlərin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli şəkildə təqdim olunması agentliyi və mərkəzləri hər kəsin, xüsusilə həssas qrupların “DOST”una çevrilir. Ümumilikdə, Bakıda və respublikanın regionlarında 2019-2025-ci illərdə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulub.

Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasəti şərtləndirir. Hazırda Azərbaycanın təkmil iqtisadi inkişaf modeli dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addım oldu. Bu gün Azərbaycan Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması iqtisadiyyatda şaxələndirilmə siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir. 2003-cü ildən cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları icra edilməyə başladı. 4 Dövlət Proqramının icrasının uğurlu nəticələri paytaxt və bölgələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın bugünkü və gələcək inkişafının yol xəritəsidir. Bu sənəddə əksini tapan beş əsas hədəf ölkəmizin iqtisadi inkişafının ümumi mənzərəsini yaradır. Milli Priortetlərdə azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi imkanlar və onlardan səmərəli istifadə xüsusi yer alır. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Bu ərazilərdə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir. Azərbaycanda vətəndaş məmnunluğunun təmin olunması, xidmətlərin sosial ədalətlilik prinsipi əsasında təqdim edilməsi, əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün sahələrində ciddi islahatlar aparılması beynəlxalq təşkilatlar tərəfindən örnək göstərilir. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti müasir çağırışlara cavab verən sosial müdafiə sisteminin qurulmasını şərtləndirir.

Yeganə Əliyeva, «İki sahil»