18 iyun 2025 18:52
156

Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır - Deputat

Azərbaycanda insan hüquqları və azadlıqlarının təminatı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardan biri 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” olmuşdur. Həmin proqram insan hüquqları sahəsində hüquqi və institusional islahatların aparılması üçün zəmin yaratmış, dövlətin insan hüquqlarının qorunmasına münasibətini fundamental şəkildə dəyişmişdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar insan hüquqları sahəsində Azərbaycanın inkişafını təmin etmişdir: “2007-ci il 18 iyun tarixli Prezident İlham Əliyevin sərəncamı ilə bu gün “İnsan Hüquqları Günü” kimi təsis olunmuşdur”.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ali dəyər kimi tanıyır: 

“Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasıdır. Bu prinsip ölkəmizin bütün qanunvericilik sisteminin və idarəçilik siyasətinin əsasını təşkil edir. Dövlətimiz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət yürüdür. Son illərdə qəbul olunmuş bir sıra qanunlar, dövlət proqramları, hüquqi aktlar, institusional islahatlar və beynəlxalq əməkdaşlıq bu sahədə əldə edilən uğurların əsasını təşkil edir”.

S.Salmanova qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar:

“Təbiidir ki, buna ölkəmizdə insan hüquqlarının müdafiəsini təmin edən mükəmməl qanunvericilik bazasının yaradılması imkan vermişdir. Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır. Buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən bir sıra qurumları mühüm yer tutur”.

Millət vəkili söyləyib ki, ölkədə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır:

“Hazırda bu institut vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynayır. Ombudsman həm dövlət qurumları ilə vətəndaşlar arasında körpü funksiyası daşıyır, həm də insan hüquqları sahəsində hüquqi maarifləndirmə aparır. Hesab edirəm ki, Ombudsman institutu milli insan hüquqları mexanizmlərinin mərkəzi sütunudur. Vətəndaşların müraciətlərinə baxılması, tövsiyələrin verilməsi və bu sahədə hesabatlı fəaliyyət göstərilməsi hüquqların effektiv müdafiəsinə xidmət edir”. 

Parlamentari onu da vurğulayıb ki, insan hüquqlarının təminatında vətəndaş cəmiyyəti institutlarının, insan hüquqları müdafiəçilərinin, QHT-lərin və medianın rolu danılmazdır: 

“Hüquq mədəniyyətinin formalaşmasında insan hüquqları müdafiəçilərinin fəaliyyəti olduqca vacibdir. Hüquqların qorunması yalnız dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən vəzifədir. Hüquq müdafiəçiləri bu sahədə ictimai nəzarəti və hüquqi şüurun yayılmasını təmin edirlər”.