19 iyun 2025 17:14
122

Oğuzda meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Oğuz rayonunun Muxas, Calut və Xalxal kəndləri ərazilərində kənd icmaları üçün maarifəndirmə tədbirləri keçirilib.

Bu barədə "İki sahil"ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak edib.

Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin faydasını vurğulayıb.

Qeyd edilib ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri yanğınların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.

Sonda iştirakçılara mövzuya aid yaddaş kitabçası və plakatlar təqdim edilib.