19 iyun 2025 22:55
88

İçərişəhərdə “Muğam saatı” səs performansı keçirilib

“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində İçərişəhərdə “Muğam saatı” səsli performansı nümayiş olunub. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Performansın rejissoru Konstantin Soldatov, musiqi rəhbəri - bəstəkar Azər Hacıəsgərli, texniki mütəxəssisi saund-art mütəxəssisi Fərhad Fərzəliyevdir.

“İki sahil” xəbər verir ki, bir saat ərzində 90-dan çox iştirakçı portativ “Bluetooth” dinamikləri ilə İçərişəhər ətrafında yavaş-yavaş hərəkət edərək qədim küçələri canlı musiqi orqanizminə çevirib. İçərişəhərin müxtəlif yerlərində eyni vaxtda 10 muğam kanalı səslənib.

Layihə səs, hərəkət və məkan vasitəsilə Bakının mədəni mənzərəsi ilə qarşılıqlı əlaqənin yeni üsulunu təklif edir. Bu nə konsert, nə də tamaşadır - bu, məkanın xor nəfəsidir, burada təsadüf dirijor, İçərişəhər isə səhnədir.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun AZƏRTAC -ın müxbirinə dediyinə görə, Bakı sakinləri və paytaxt qonaqlarında müasir şəraitlə əlaqəlik hissi yaratmaq üçün bu cür layihələr çox vacibdir: “Biz gördük ki, tədbirimizdə iştirak edən insanlarda sonda bu işdə iştirak etdikləri üçün qürur hissi yarandı. Muğam inanılmaz dərəcədə dərin və ciddi sənətdir. Bu, mədəniyyətimizin mühüm mənəvi dirəyidir. Azərbaycanı dünyada ləyaqətlə təmsil etməkdən söhbət düşəndə biz həmişə muğama müraciət edirik”.

Rejissor Konstantin Soldatov AZƏRTAC-ın müxbiri ilə söhbətdə tədbirə hazırlıqlardan danışıb.

“Layihədə şəhər sakinləri, layihəni maraqlı hesab edənlər iştirak edirdi. İştirakçılar arasında yeniyetmələr, böyüklər, peşəkar sənətçilər, həvəskarlar və hətta teatrla əlaqəsi olmayan insanlar da var idi. Lakin heç kimdən peşəkar bacarıq tələb olunmurdu. Məqsəd şəhərlə birləşib musiqidən həzz almaq idi. Bizim 5 koordinatorumuzun hər biri 15-25 nəfərlik qruplara rəhbərlik edirdi. Biz insanların hərəkət etdiyi marşrutları düşünməli idik – nəticədə 50 müxtəlif marşrut alındı. Ssenariyə görə performans iştirakçıları İçərişəhərin əsas nöqtələrində toplaşırdılar və dağılırdılar, finalda isə 100 nəfərdən ibarət olan bütün qrupumuz Qız Qalasının yanında toplaşdı. Burada muğam kompozisiyasının finalını dinlədik. Mənə elə gəlir ki, prosesdə hər kəs musiqinin nəfəsini hiss etdi. İnsanların ucadanışanlarla İçərişəhəri necə gəzdiyini və sanki onunla yenidən tanış olduğunu müşahidə etmək çox maraqlı idi”, - deyə rejissor qeyd edib.