20 iyun 2025 11:00
271

Bölgələrdə Məhsul festivallarına start verilir - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Eyni zamanda, bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək.

Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer təsərrüfatlarının məhsulları təqdim olunacaq, bu da regionların aqrar potensialının və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçısı olan “Caspian Event Organisers” şirkəti də Məhsul festivalları təşəbbüsündə iştirak edir. Aqrar İnnovasiya Mərkəzi ilə bu tərəfdaşlıq çərçivəsində əsas məqsəd festivalların keçirildiyi bölgələrə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində öz stendləri ilə iştirak etmələri üçün şərait yaratmaq, yerli məhsul və brendlərin beynəlxalq platformada nümayiş etdirilməsinə və tanıdılmasına, eləcə də bölgələrin ixrac və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verməkdir.

Gələn il mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro 2026” sərgisi təkcə məhsul və texnologiyaların nümayişi ilə kifayətlənməyəcək, həm də Məhsul festivalları çərçivəsində toplanan ənənəvi dəyərləri, regionların aqrar və mədəni potensialını, ölkənin kənd təsərrüfatı sektorunun müasir imkanlarını beynəlxalq auditoriyaya təqdim edəcək. Sərgi iştirakçıları və ziyarətçilər ölkənin müxtəlif bölgələrinin nə ilə tanındığını öyrənmək, Azərbaycanın zəngin milli mətbəxi və aqrar sahədəki rəngarəngliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

Bu tədbirlər Aqrar Biznes festivalları ilə paralel olaraq keçiriləcək və ölkənin müxtəlif regionlarının kənd təsərrüfatı məhsullarını geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır.

Cari ildə Samuxda “II Ərik”, Şəmkirdə “Tərəvəz”, Daşkəsəndə “Kəndli və Fermer”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Göygöldə “II Moruq”, Şamaxıda “Üzüm və Şərab”, Masallıda “Çəltik”, Neftçalada “Balıq”, Saatlıda “Pambıq”, Ağstafada “Yerfındığı”, Balakəndə “V Xurma” və Ağdaşda “Heyva” festivalları keçiriləcək.

Dövlət-özəl tərəfdaşlığı prinsipi ilə təşkil olunan festivallarda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, digər dövlət strukturları, sahibkarlar, bank və kredit təşkilatları, supermarket şəbəkələri və “Aqrar Tədarük və Təchizat” ASC kimi qurumlar fəal iştirak edəcək. Bu isə fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına, yeni texnologiyaların tətbiqinə, məhsul satışının genişlənməsinə və ümumilikdə aqrar sektorun dinamik inkişafına zəmin yaradır.

Məhsul festivalları çərçivəsində kənd təsərrüfatının prioritet istiqamətlərinə dair məlumat sessiyaları və “Meyvə-tərəvəz məhsullarının uzun müddətli saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimlər də keçiriləcək.

İyulun 3-də Şəmkirdə baş tutacaq “Tərəvəz” festivalında sərgi hissəsi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün piknik zonası yaradılacaq. Burada şəhər sakinləri və qonaqlar üçün xüsusi ayrılmış ərazilər olacaq, piknik mədəniyyəti təbliğ ediləcək və istifadə olunan bütün ərzaq məhsulları məhz həmin bölgənin fermerlərinin təqdim etdiyi yerli məhsullardan ibarət olacaq.

Festivallar həm fermerlərin məhsullarını bazara çıxarması və satışından gəlir əldə etməsi, həm də onların zəhmətinin nəticəsini qeyd etməsi üçün bayram atmosferi yaratmaq məqsədi daşıyır. Tədbirlər zamanı bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və il ərzində rayonda görülən işlərin təqdimatı da keçiriləcək. Fermerlərin istirahəti və mədəniyyətə cəlb olunması festivalın digər mühüm tərəflərindən biridir.

Bu festivallar kənd təsərrüfatı sahəsində çalışanların zəhmətinin qiymətləndirilməsi, onların rifahının artırılması və məhsul satış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Orxan Vahidoğlu, 

Vüsal Cahanov (foto),

"İki sahil"