İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları “Qarabağ”ın bazasında olublar.
“İki sahil” xəbər verir ki, klubdan bildirilib ki, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçev, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov komandanı ziyarət ediblər.
Qonaqları klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.
Döyüşçülər komandanın bazası ilə də tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar. Qonaqlara klubun formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.
Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl “Qarabağ”ın qonağı olub.