20 iyun 2025 14:53
112

İİTKM-də “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” ilə bağlı görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə növbəti iclas keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov Dövlət Proqramının icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə ətraflı məlumat verib. O, müvafiq Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılmasında çətinlik kimi qeyd olunan bəzi tədbirlərin müzakirəsinə geniş yer ayırıb. A.Museyibov müvafiq icraçı qurumların əlaqələndirici şəxslərindən ibarət qrupların təşkil olunaraq müzakirələrin onlayn formatda davam etdirilməsini təklif edib.

Görüşdə indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi, Modulun yaradılması prosesi, eləcə də, Dövlət Proqramının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışılıb.

İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”ında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini ölkə başçısının 12 mart 2025-ci il tarixli, 520 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.