21 iyun 2025 01:56
77

Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Azərbaycanın gələn il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası azad edilmiş torpaqlarımızda görülən işlərin əsasında şəhərsalmanın müasir formasını beynəlxalq ictimaiyyətə təqdim edəcək

Azərbaycanın şəhərsalma təcrübəsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirildi. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaratdı.

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alındı. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkili və ölkəmizin şəhərsalma fəaliyyətinin beynəlxalq miqyasda təbliği məqsədilə bütün zəruri olan addımları atır. Cənab İlham Əliyevin bu günlərdə «Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında» Sərəncamı da bunun bariz nümunəsidir.

Onu da qeyd edək ki, Azərbaycanın şəhərsalma təcrübəsinin təqdimatında Ağdamda və Zəngilanda  keçirilən  Azərbaycan Milli Şəhərsalma forumları əhəmiyyətli rol oynadı. Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradaraq şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayır. Ölkəmizdə ilk dəfə Ağdamda, sonra isə Zəngilanda  keçirilən Azərbaycan Milli Şəhərsalma forumları şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu.

Xatırladaq ki, 2022-ci il  iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir. Bu günlərdə keçirilən Birləşmiş Millətlər Təşkilatının  Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclasında qeyd edildi ki, Prezident İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanılır.  Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir. XXI əsrdə dünyada urbanizasiya prosesi sürətlənir. Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatlar və genişmiqyaslı layihələr, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələr beynəlxalq aləmdə təqdir olunur.  Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürü kimi dəyərləndirilir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə müasir tələblər səviyyəsində aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Ölkəmiz təkmil dirçəliş modelini və bu əsasda  şəhərsalma təcrübəsini təqdim edir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə   Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında  videoformatda çıxışı zamanı  bu  məqama da   xüsusi diqqət yönəltmişdir ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.

Bu torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.  Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış, Həsənriz, Laçın rayonunun Sus və Zabux, Ağdam rayonunun Kəngərli, Xocalı rayonunun Ballıca  kəndlərində, Füzuli, Şuşa,  Laçın, Xocalı,  Cəbrayıl  şəhərlərində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Ötən ilin yanvarında dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sakinlərinə qovuşan və qovuşacaq şəhərlərimizdən bəhs edərkən bu müjdəni açıqlamışdı ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.

Son 5 ildə bu torpaqlarda elə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib ki, onların xronologiyasını belə bir yazıda təqdim etmək mümkün deyil. Dünya Azərbaycanın təkmil dirçəliş modelini təqdir edir. Yeni şəhər və kəndlərimiz müasir texnologiyalar əsasında tikilir. Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklər bu torpaqlarda tətbiq edilir. Ölkəmiz bu yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini təqdim edir. Ağdam şəhəri “ağıllı şəhər”, Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsinin ilk iştirakçılarıdır. Milli Şəhərsalma Forumunun ilk olaraq bu məkanlarda keçirilməsində də bu amilin rolu böyükdür. Zəngilan mühüm nəqliyyat qovşağı kimi qəbul edilir. Onu da qeyd edək ki, 2021-ci ildə Füzuli, 2022-ci ildə isə  Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının  tikintisi nəzərdə tutulmuşdu ki, artıq bu hədəfə yüksək səviyyədə nail olunub. Sonuncu, yəni Laçın Beynəlxalq  Hava Limanı  28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verildi. Bu hava limanları həmin ərazilərin strtaeji əhəmiyyətini açıqlayır. Ümumilikdə Azərbaycan yol-nəyliyyat infrastrukturunun yenilənməsinə, təkmilləşdirilməsinə xüsusi diqqət göstərir. Ölkəmizin nəqliyyat qovşağı kimi tanınması da bunun bariz nümunəsidir.

Atılan hər bir addım, irəli sürülən hər bir təşəbbüs azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsinə və bu fonda həmin torpaqların malik olduqları imkanların təqdimatı əsasında qarşıdakı dövrdə investisiyaların cəlbinə xidmət edir. Bu baxımdan Nazirlər Kabinetinin 13 iyun 2025-ci il tarixli “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında Qərarını da qeyd etməliyik. Baş planda nəzərdə tutulan vaxta qədər görüləcək işlər və onların icra mexnizmləri öz əksini tapıb. Həmçinin Baş plan şəhər və kəndəlrin müasir tələblər səviyyəsində qurulması üçün müəyyənləşdirilən hədəflərə də işıq salır. Dövlət  Şəhərsalma və Arxitektura Komitəsi bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə. qabaqcıl təcrübəsi olan  xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla  əməkdaşlığa xüsusi önəm verir.  Bu təşkilatlardan biri də BMT-nin  məskunlaşma proqramı- UN- HABİTAT-dır.

Ümumdünya Şəhərsalma Forumu bir daha  tarixi Zəfərimizdən ötən dövrdə bu torpaqların dirçəldilməsi istiqamətində atılan addımların təqdimatında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri  bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi, doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşləri ilə yadda qalır. 30 ildən sonra bu torpaqlara  qayıdış hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azərbaycan quruculuq işləri ilə dünyaya şəhərsalmanın müasir formasını çatdırır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. «Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq  buranı  doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevirəcək.

Yeganə Əliyeva, “İki sahil”