Anar Cəfərov: İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir.
Bir il ərzində bu festivallarda satış həcmi 8 milyon manatdan çox olub
Bu münasibətlə keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, bu günədək 66 bölgədə aqrar biznes festivallarını təşkil edilib: “Son bir il ərzində bu festivallarda satış həcmi 8 milyon manatdan çox olub. Bu festivallarda həm kənd təsərrüfatı təyinatlı texnikaların, həm pilotsuz uçuş aparatlarının, həm də pestisid və digər kənd təsərrüfatı təyinatlı mal və məhsulların satışı həyata keçirilib: "Son bir il ərzində aqrar biznes festivallarında fermerlərə güzəştli kreditlər təklif edilib. Ümumilikdə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq".
A.Cəfərovun sözlərinə görə, dövlət-özəl sektor tərəfdaşlığı prinsipi ilə təşkil olunan festivallarda “Aqrar Tədarük və Təchizat” ASC daxil olmaqla nazirliyin qurumları ilə yanaşı, digər dövlət strukturları, sahibkarlar, bank və bank olmayan kredit təşkilatları, supermarket şəbəkələri fəal iştirak edirlər. Bu isə fermerlərlə təchizatçılar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradır.
Festivalların keçirildiyi bölgələrin nümayəndələri “Caspian Agro 2026”da iştirak edəcəklər
"Caspian Event Organizers" MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə qeyd edib ki, gələn il mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2026”) sərgisi yalnız məhsul və texnologiyaların nümayişi ilə kifayətlənməyəcək: “Məhsul festivalları çərçivəsində toplanmış ənənəvi dəyərlər, regionların aqrar və mədəni potensialı, eləcə də Azərbaycanın kənd təsərrüfatı sektorunun müasir imkanları beynəlxalq auditoriyaya təqdim olunacaq: "Sərgi iştirakçıları və ziyarətçilər ölkənin müxtəlif bölgələrinin nə ilə məşhur olduğunu öyrənə, Azərbaycanın zəngin mətbəxi və aqrar sahədəki rəngarəngliyi ilə tanış ola biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi bu tərəfdaşlıq çərçivəsində qarşısına məqsəd qoyur ki, festivalların keçirildiyi bölgələrin nümayəndələri “Caspian Agro 2026”da da stendləri ilə iştirak etsinlər. Bununla da yerli məhsulların və brendlərin beynəlxalq platformada nümayişinə və tanıdılmasına, eləcə də bölgələrin ixrac və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verilməsi hədəflənir.”
Biz istəyirik ki, məhsul çox olsun, alıcı istəyir ki, qiymət aşağı olsun
"Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova məlumat verib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətləri tələb-təklif əsasında formalaşır: “Məhsulların qiymətlərinə iqlim və digər amillər də təsir göstərir. Məhsul bol olanda qiymət azalır. Bəzi məhsullar var ki, onların qiymətini dövlət tənzimləyir. Məsələn, buğda – çünki bu, strateji məhsuldur. Dövlət çalışır ki, bu məhsulların qiyməti sabit qalsın və əhali üçün əlçatan olsun. Digər məhsullarda isə belə bir tənzimləmə yoxdur. Biz əslində istəyirik ki, məhsul çox olsun, alıcı da istəyir ki, qiymət aşağı olsun. Yəni, hər kəsin öz marağı var. Məhsul festivalları kimi tədbirlər zamanı biz istəyirik ki, iştirakçılarımız – istər fermerlər, istərsə də digər istehsalçılar – məhsullarını bazar qiymətinə uyğun sata bilsinlər. Həmin tədbirlərə yalnız yerli insanlar yox, ölkənin müxtəlif bölgələrindən də qonaqlar gələcək.”
Qeyd olunub ki, festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Eyni zamanda, bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək.
Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer təsərrüfatlarının məhsulları təqdim olunacaq, bu da regionların aqrar potensialının və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına şərait yaradacaq.
Vurğulanıb ki, bu tədbirlər Aqrar Biznes festivalları ilə paralel olaraq keçiriləcək və ölkənin müxtəlif regionlarının kənd təsərrüfatı məhsullarını geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır. Məhsul festivalları çərçivəsində kənd təsərrüfatının prioritet istiqamətlərinə dair məlumat sessiyaları və “Meyvə-tərəvəz məhsullarının uzunmüddətli saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimlər də keçiriləcək.
İyulun 3-də Şəmkirdə başlayır…
Məlumat üçün bildirək ki, cari ildə Samuxda “II Ərik”, Şəmkirdə “Tərəvəz”, Daşkəsəndə “Kəndli və Fermer”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Göygöldə “II Moruq”, Şamaxıda “Üzüm və Şərab”, Masallıda “Çəltik”, Neftçalada “Balıq”, Saatlıda “Pambıq”, Ağstafada “Yerfındığı”, Balakəndə “V Xurma” və Ağdaşda “Heyva” festivalları keçiriləcək.
İyulun 3-də Şəmkirdə baş tutacaq “Tərəvəz” festivalında sərgi hissəsi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün piknik zonası yaradılacaq. Burada şəhər sakinləri və qonaqlar üçün xüsusi ayrılmış ərazilər olacaq, piknik mədəniyyəti təbliğ ediləcək və istifadə olunan bütün ərzaq məhsulları məhz həmin bölgənin fermerlərinin təqdim etdiyi yerli məhsullardan ibarət olacaq. Festivallar həm fermerlərin məhsullarını bazara çıxarması və satışından gəlir əldə etməsi, həm də onların zəhmətinin nəticəsini qeyd etməsi üçün bayram atmosferi yaratmaq məqsədi daşıyır. Tədbirlər zamanı bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və il ərzində rayonda görülən işlərin təqdimatı da keçiriləcək. Bu festivallar kənd təsərrüfatı sahəsində çalışanların zəhmətinin qiymətləndirilməsi, onların rifahının yüksəldilməsi və məhsul satış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”