Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) monitorinq sektorunun müdiri Elmar Orucov sosial media vasitəsilə yayımlanan videohesabatda 2025-ci ilin may ayında həyata keçirilən monitorinqin nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, qurum rəsmisinin məlumatına əsasən, ötən ay ölkə üzrə ümumilikdə 4766 nöqsan qeydə alınıb. Bu da aprel ayı ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. Belə ki, aprel ayında 1941 nöqsan aşkar edilmişdi. Aşkarlanan nöqsanlara əsasən su mənbələrinin çirkləndirilməsi, su mühafizə zonalarının zəbt olunması və ya zibillənməsi, su təsərrüfatı obyektlərinə qanunsuz qoşulmalar və digər oxşar hallar daxildir.
Elmar Orucov bildirib ki, aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların təxminən 15 faizi vətəndaşların öz təşəbbüsü ilə aradan qaldırılıb. Digər halların həlli istiqamətində isə Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 4 iyun tarixli, 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görüləcək.
Qurum rəsmisi əlavə edib ki, ölkənin su təhlükəsizliyinin təmin olunması, keyfiyyətli içməli və suvarma suyuna çıxışın təmin edilməsi, habelə ədalətli su paylanmasının həyata keçirilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən respublika ərazisində mütəmadi monitorinqlər aparılır.
Videohesabatda vətəndaşlara su ehtiyatlarından səmərəli istifadə etmələri, su israfçılığına yol verməmələri, su mənbələrini çirkləndirməmələri tövsiyə edilib. Həmçinin belə hallarla qarşılaşdıqda əvvəlcə marifləndirmə, bu yetərli olmadıqda isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə məlumat verilməsi çağırışı edilib.