Müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasının silahlı qüvvələrinin formalaşdırılması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu dövlətin əsas prioritetlərindən birinə çevrildi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün güclü orduya ehtiyac var”. O, orduya siyasi, iqtisadi və ideoloji dayaqlar yaratdı, hərbi sistemin milli ruhda, vətənpərvərlik ideologiyası ilə formalaşmasına zəmin hazırladı.
Hazırda Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Bu statusa çatmaq asan olmamışdır. 1990-cı illərin əvvəllərində zəif təşkilatlanmış və təchiz olunmamış hərbi birliklər artıq tarixdə qalmışdır. Son 20 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar, strateji yanaşma, beynəlxalq təcrübənin mənimsənilməsi və texnoloji modernləşmə nəticəsində ordu tamamilə yenilənmiş, döyüş qabiliyyəti yüksək, peşəkar bir gücə çevrilmişdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə – bu inkişafın ən parlaq nəticəsidir. Müzəffər Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar, yüksək peşəkarlıq, müasir texnologiyalarla silahlanmış qüvvələrin koordinasiyalı fəaliyyəti, hərb tariximizə qızıl hərflərlə yazıldı. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və ordunun tarixi missiyası şərəflə yerinə yetirildi.
Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizin daha da modernləşdirilməsi, çevik və operativ hərbi bölmələrin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Komando hərbi hissələrinin yaradılması oldu.
Komando hissələri – xüsusi hazırlıq keçmiş, dağlıq, meşəlik, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirə bilən, hərbi taktikaları dərindən mənimsəmiş, yüksək döyüş qabiliyyətinə malik əsgər və zabitlərdən ibarət yeni hərbi birləşmələrdir. Bu hissələr Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşdırılır və NATO standartlarına cavab verir.
Prezident İlham Əliyev Komando hərbi hissələrinin yaradılması ilə bağlı qeyd edib:
“Komando birlikləri bizim ordumuzun gücünü daha da artıracaq, bu, yeni dövrün tələblərinə cavab verən çevik və döyüşə hazır qüvvələrdir.”
Artıq bir neçə bölgədə – Hadrutda, Laçında, Kəlbəcərdə, Şuşada, Zəngilanda və digər azad edilmiş ərazilərdə komando hərbi hissələrinin açılışı həyata keçirilib. Bu qüvvələr həm Azərbaycanın müdafiə potensialını artırır, həm də azad edilmiş torpaqlarda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Komando təlimi sadəcə fiziki dözümlülüklə bitmir. Bu əsgərlər dağlarda yürüş, gecə döyüşləri, yaralı yoldaşı çıxarma, kommunikasiya qurmaq, mühasirədən çıxmaq, hava və yer arasında koordinasiya kimi yüzlərlə taktiki hazırlıq mərhələlərindən keçir. Onların əsas devizi – “Tapşırıq nə qədər çətin olsa da, yerinə yetiriləcək!” prinsipinə əsaslanır.
Komandolar yalnız fiziki deyil, mənəvi cəhətdən də yüksək əzmə malikdirlər. Onlar dövlətə, xalqa və bayrağa sədaqət andı içmiş, hər an döyüşə hazır olan seçmə döyüşçülərdir. Onların varlığı Azərbaycan xalqına güvən, düşmənə isə qorxu verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin maddi-texniki bazası ardıcıl şəkildə təkmilləşdirilir. Hərbi sənaye kompleksi inkişaf etdirilir, yeni istehsal müəssisələri yaradılır, Azərbaycan Ordusu öz ehtiyaclarının böyük hissəsini daxili istehsalla təmin edir.
Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq, birgə təlimlər, regional təhlükəsizlik üzrə strateji tərəfdaşlıq formatları ordumuzun təcrübəsini artırır. Qardaş Türkiyə ilə birgə həyata keçirilən “Mustafa Kamal Atatürk-2023”, “Qardaş Yumruğu”, “Sarsılmaz Qardaşlıq” kimi təlimlər bu əməkdaşlığın bariz nümunəsidir.
26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Bu gün biz yalnız keçmişə deyil, həm də gələcəyə baxırıq. Azərbaycan Ordusu daim inkişafda olan, güclənən, çağdaş döyüş metodlarını mənimsəyən bir orduya çevrilmişdir.
Komando hissələrinin yaradılması isə bu inkişafın yeni mərhələsidir. Bu hissələr Azərbaycan Silahlı Qüvvələrinin çevik, operativ və döyüşə hazır strukturunu daha da gücləndirir. Hər bir vətəndaş əmindir ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi güclü ordu tərəfindən daim qorunacaq.
Əminliklə deyə bilərik:
Azərbaycan Ordusu güclüdür!
Azərbaycan Əsgəri Müzəffərdir!
Komandolarımız qürur mənbəyimizdir!
Yaşasın Azərbaycan Silahlı Qüvvələri!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır!
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi