21 iyun 2025 14:53
107

Macarıstan şirkəti Azərbaycanın kosmik təcrübəsini öyrənir

Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) “Təlim və Konsultasiya” proqramı çərçivəsində Macarıstanın “4iG Holdinq”inə təlim təşkil edib.

“Azərkosmos”dan "İki sahil"ə bildirilib ki, təlimlər “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində keçirilib.

Proqramda “4iG Holdinq”in tərkibinə daxil olan “Hungaro DigiTel”, “Remred” və “GeoData” şirkətlərinin nümayəndələri iştirak ediblər. Təlimlər çərçivəsində iştirakçılara peyk və yerüstü sistemlərin işləmə prinsipləri, radiotezliklərin idarə olunması və şəbəkə əməliyyatları mövzularında ətraflı bilik və praktiki bacarıqlar təqdim olunub.

“Azərkosmos”un mütəxəssisləri tərəfindən keçirilən bu təlim iştirakçılar üçün interaktiv müzakirələrlə müşayiət olunub. Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, “4iG” Budapeştdə yerləşən və Macarıstanda, həmçinin Qərbi Balkanlarda fəaliyyət göstərən bir şirkətlər qrupudur. Şirkət telekommunikasiya, sistem inteqrasiyası, kosmos və müdafiə sənayesi sahələrində qabaqcıl inteqrasiya olunmuş xidmət təminatçısıdır.