21 iyun 2025 22:10
137

Azərbaycanın ilkləri beynəlxalq aləmdə təqdir edilir

Ölkəmizin dəstəyi ilə «ASAN xidmət» mərkəzlərinin coğrafiyası genişlənir

Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında bu məqam xüsusi yer alır ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna uyğun olaraq Regional inkişaf proqramları qəbul olundu, və bu gün də uğurla icra edilir. Təsdiqlənən Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

İqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. İnformasiya kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir. Bu sistem hazırda ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə mühüm töhfələr verir. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur.

Ölkəmizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İKT İli” elan edilməsini xüsusi qeyd etməliyik. “İKT İli”ndə ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir ki, bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən ölkə Prezidenti bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib.

Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması da bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfədir. Məlum olduğu kimi, 2023-cü ildə ölkəmiz 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Cənab İlham Əliyev həmin tədbirdəki çıxışında bir daha bildirdi ki, bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.

İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır və buna yüksək səviyyədə nail olur. Zamanın tələblərini, yeniliyi, təkmilləşməni özündə əks etdirən iqtisadi siyasətin əsas tərkib hissələrindən biri əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST, bu gun isə azad edilmiş ərazilərimizdə tətbiq olunan və gələcəkdə digər regionları da əhatə edəcəyi «ağıllı şəhər», «ağıllı kənd» layihələrinin əhəmiyyəti geniş təhlil edilir. Ölkəmizin imza atdığı ilklərdən biri kimi «ASAN xidmət» layihəsinə beynəlxalq səviyyədə verilən dəstək bugün diqqətdən kənarda qalmır. Ölkəmizin idarəçilik sistemində tətbiq olunan yeniliklər dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biridir. “ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı idarəetmə modeli kimi qəbul edilir və bir sıra dövlətlərdə uğurla tətbiq olunur. Bu modelin şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi təqdir edilir. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazandı. Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət” mərkəzi 2013-cü ildə fəaliyyət göstərməyə başlayıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs də fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ASAN xidmət”in qazandığı uğurlar qısa müddətdə dünyanın müxtəlif ölkələrində maraqla qarşılanır. Bu, ölkəmizin dəstəyi ilə müxtəlif ölkələrdə «ASAN xidmət» mərkəzlərinin yaradılmasında özünün aydın mfadəsini tapır. Azərbaycanın “ASAN xidmət” təcrübəsi geniş şəkildə öyrənilir. Artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli müxtəlif mükafatlar qazanıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir.

Hazırda Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə diqqətdədir. Azad edlimiş ərazilərimizdə bu layihələr çərçivəsində görülən işlər Azərbaycanın müasir texnologiyaların tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir. Şəhər və kəndlərdə əhaliyə göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin, səmərəliliyin artırılması, bu artımın və keyfiyyətin tətbiqi zamanı müasir texnologiyalardan istifadə edilməsi, eləcə də həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasını təmin etmək «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyanın əsas inkişaf prioritetlərindəndir. Qısa müddətdə bu layihənin icrası nəticəsində qazanılan uğurlar onun coğrafiyasının genişlənərək respublikamızın digər bölgələrində də tətbiq ediləcəyinə əminliyi artırır.

Yeganə Əliyeva, «İki sahil»