21 iyun 2025 18:33
140

“Startup School 3” layihəsi çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində yerli və beynəlxalq əməkdaşlıqların miqyası genişlənir.

“İki sahil” xəbər verir ki, layihənin “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı çərçivəsində tərəfdaş qurumlarla əlaqələrin möhkəmləndirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.

 Bu istiqamətdə növbəti əməkdaşlıq görüşü İT sahəsində ixtisaslaşmış aparıcı təlim və inkişaf mərkəzlərindən biri olan “Coders Azerbaijan” ilə baş tutub. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul əməkdaşları və “Coders Azerbaijan”ın rəhbər heyəti iştirak ediblər.

Tərəflər görüş zamanı hər iki qurumun fəaliyyət istiqamətləri barədə məlumat mübadiləsi aparıb, startapların texnoloji biliklərlə təmin olunması, innovativ yanaşmaların tətbiqi və gənc təşəbbüskarların potensialının artırılması sahəsində əməkdaşlıq imkanlarını geniş  müzakirə ediblər. Həmçinin gələcəkdə birgə təlim proqramlarının təşkili, mentorluq fəaliyyətlərinin həyata keçirilməsi və texnologiya sahəsində ixtisaslaşmış startap komandalarının dəstəklənməsi kimi mövzular da diqqət mərkəzində olub.

 Görüşün yekunu olaraq, “Enterprise Azerbaijan” və “Coders Azerbaijan” arasında strateji tərəfdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb.

Bu əməkdaşlıq “Enterprise Azerbaijan” portalının hədəflərinə uyğun olaraq Azərbaycan və region ölkələrindən olan innovativ gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də yerli və beynəlxalq texnoloji mühitə inteqrasiyasına töhfə verəcək.