25 iyun 2025 12:10
89

"8 Noyabr" Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı

Azərbaycanın enerji tarixinə  mühüm səhifə iyunun 24-də yazıldı. Belə ki, respublikamızın energetika potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyətə malik olan Mingəçevirdəki «8 Noyabr» Elektrik Stansiyasının açılışı Prezident İlham Əliyevin iştirakı ilə reallaşdı. Bu mühüm hadisə təkcə elektrik enerjisi istehsalının artırılması deyil, həm də, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin rəmzi olaraq əbədiləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov  çıxış etdilər. Açılış mərasimi ölkəmizin enerji potensialı ilə  yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu.  Qeyd edək ki, həm İtaliya, həm də, Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.  Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında  Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin  bu ilin aprelində  Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Sözügedən səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi.

 Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti təkcə daxili ehtiyacların ödənilməsini deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Ölkəmizi başçısı bildirdi ki,  İtaliya və Çinlə qurulan münasibətlərin uğurlu nəticələri mövcuddur. Vurğuladı ki,  İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə əsas ticarət partnyorlarımız sırasındadır.  İtaliya ilə neft-qaz sektorunda formalaşan uzunmüddətli və strateji əməkdaşlıq, eləcə də Çinin bərpaolunan enerji sahəsindəki rolu Azərbaycanın enerji diversifikasiyasına və dayanıqlı inkişafına töhfə verir. Prezidentin sözlərinə görə, hazırda ölkəmizdə istifadəyə verilən yeni Günəş elektrik stansiyalarının avadanlıqları əsasən Çin şirkətləri tərəfindən təmin olunur.  Bu əməkdaşlıq formatı, eyni zamanda, Azərbaycanın siyasi sabitliyə, etibarlı tərəfdaşlığa və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq etimadın bariz nümunəsidir. İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlər Azərbaycanın uğurlu və qarşılıqlı faydaya əsaslanan xarici siyasətinin bir göstəricisi kimi, beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.

Respublikamızın enerji diplomatiyası son illərdə davamlı uğurlar əldə edərək, ölkəmizi regionun və beynəlxalq platformaların mühüm enerji tərəfdaşına çevirib. Bu baxımdan ötən il 200-ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsi böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu mühüm hadisə Azərbaycanın iqlim və enerji sahəsindəki təcrübəsinin, mövcud imkanlarının beynəlxalq miqyasda təqdimatı baxımından önəmli addım olmaqla yanaşı, yeni əməkdaşlıq imkanlarının açılmasına da zəmin yaradıb. Bu uğurların davamı kimi “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorunun tarixində əlamətdar bir mərhələdir. 1880 meqavat gücə malik olan bu stansiya, təkcə ölkəmizin enerji potensialını artırmaqla kifayətlənmir, həm də enerji sistemimizin dayanıqlığını və səmərəliliyini xeyli gücləndirir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri