25 iyun 2025 13:41
212

Əmək qanunvericiliyi ilə bağlı təlim yekunlaşıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında həyata keçirilən təlim başa çatıb.

“İki sahil” xəbər verir ki,  cari ilin may-iyun aylarını əhatə edən “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda keçirilən təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.

İyunun 24-də Azərbaycan Milli Kitabxanasında təlimin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Kamil Bayramlı təlim iştirakçılarına təbriklərini çatdırıb, nazirlik tərəfindən kadr potensialının təkmilləşdirilməsi və inkişafı istiqamətində müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb.

Təlimçi, Bakı Dövlət Universiteti Əmək və Ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev layihənin əhəmiyyətindən danışıb, Təşkilatçılara təşəkkürünü bildirib.

Mərkəzin direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov mədəniyyət müəssisələrində müasir, qanunauyğun və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda yaradıcı peşə təfəkkürünün formalaşması, tutduqları vəzifə üzrə bilik və bacarıqlarının artırılmasının qurumun prioritet vəzifələrindən olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, təlim müddətində dinləyicilər əmək qanunvericiliyinin əsasları, müəssisədə insan resursları üzrə işin təşkili və kadr kargüzarlığının aparılması, əməyin mühafizəsi qaydaları və digər mövzularla bağlı bilik və praktiki vərdişlərini təkmilləşdirmək imkanı qazanıblar.

Sonda təlim iştirakçıları test imtahanı verərək sertifikatlarla təltif olunublar.

Məlumat üçün qeyd edək ki, daha öncə mərkəz tərəfindən bu istiqamətdə iki təlim təşkil olunub.