25 iyun 2025 15:44
164

Azərbaycan Ordusu istənilən maneəni dəf etmək gücündədir

Azərbaycan Silahlı Qüvvələrinin tarixi Qarabaq torpaqlarının erməni işğalından azad etməsindən beş ilə yaxın vaxt keçir. Xalqımız Şanlı Ordumuzun bizə bəxş etdiyi Böyük Zəfərin sevincini, qürurunu hər an, hər gün yaşamaqdadır.

Ali Baş Komandan İlham Əliyevin sayəsində dövlətimizin, Ordumuzun və xalqımızın dünyadakı nüfuzu sürətlə artmaqdadır. Rəhbər, ordu və xalq birliyinin hansı xariqələr yarada bildiyini, bu gücün nələrə qadir olduğunu hər kəs gördü. Ordu-Xalq vəhdəti Vətən müharibəsində Qələbəni şərtləndirən başlıca amil oldu, desək yanılmarıq. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqımızın Dəmir yumruq kimi həmrəylik nümayiş etdirdi və bu da düşmənə sarsıdıcı zərbə oldu. Əldə olunan zəfər Ordu quruculuğunun qüsursuzluğundan, hərbçilərimiz arasında vətənpərvərlik hissinin və peşəkarlığın yüksək səviyyədə olmasından qaynaqlanırdı. Qürurverici haldır ki, II Qarabağ müharibəsində Azərbaycan Ordusunda bir nəfər də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz müalicələrini yarımçıq qoyub döyüş meydanına qayıdırdılar. 44 günlük Vətən Müharibəsi zamanı düşmən ordusunda fərarilik geniş vüsət almışdı. Bunu Ermənistanın siyasi rəhbərliyi açıq etiraf edib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlük lokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusu növbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Böyük qələbədən sonra Bakıda və Xankəndidə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən növbəti qələbə paradları Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Silahlı Qüvvələrimiz uzun illər Azərbaycan ərazisində kök salmış erməni separatizminə son qoydu, ölkə ərazisində konstitusiya quruluşunu tam bərqərar etdi. Ordumuzun qələbəsi böyük tarixi və siyasi əhəmiyyətə malikdir.

Təbii ki, Azərbaycanda ordu quruculuğu birmənalı olaraq xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Müstəqilliyimizin ilk illərində ayrı-ayrı sahələrdə olduğu kimi ordu sistemində də vəziyyət ürəkaçan deyildi. Siyasi rəhbərlik Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda nizami ordu yaratmaq kimi məsuliyyətli bir vəzifəni yerinə yetirə bilmədilər. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmən torpaqlarımız işğal etdi. Belə bir ağır şəraitdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə nail olundu. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Eyni zamanda Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin yaradılması peşəkar kadr hazırlığı istiqamətində atılmış mühüm addımlar idi. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu daha da peşəkarlaşdı, modernləşdi.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, səriştəsi sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Milli Ordunun müdafiə qüdrəti və döyüş qabiliyyəti artırıldı, maddi-texniki təchizat daha da yaxşılaşdırıldı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. 2018-ci ilin mayında Günnüt əməliyyatı həyata keçirildi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il 19 sentyabr əməliyyatları Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər bu gün də davam etdirilir.

Ordumuzun gücündən, nailiyyətlərindən cild-cild kitablar yazılır, bir-birindən maraqlı sənədli filmlər çəkilir. Bu gün Azərbaycan Ordusu istənilən maneəni dəf etmək, istənilən hədəfə çatmaq və vəzifələri icra etmək əzmindədir. Şanlı Azərbaycan Ordusu xalqımızın, dövlətimizin təhlükəsizliyinin, sabitliyinin, gücünün və inkişafının qarantıdır.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı