25 iyun 2025 21:00
160

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

İyunun 25-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.

Sonra BDU haqqında videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün qədim tarixi və zəngin ənənələri olan BDU-nun həyatında unudulmaz gündür. Ali təhsillərini uğurla başa vurmuş 6000-dən çox tələbəmiz Universitetdən məzun olur.  Siz Azərbaycanın yeni reallığa qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumuzun böyük Zəfərə imza atması ilə ölkəmizin ərazi bütövlüyü, heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə dövlət suverenliyimiz bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Müstəqil dövlətimizin dünyanın siyasi arenasında mövqeyi möhkəmləndi. Bu il qürurla beşinci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərə qanından və canından keçərək imza Vətən oğullarının ruhu qarşısında baş əyirik. Bu gün ali təhsilini başa vurmuş gənclərimiz Vətənimizin hər bir guşəsində, o cümlədən doğma Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərində fəal iştirak edirlər. Bu işlərə həvəslə qoşulan Azərbaycan gəncləri arasında Universitetimizin məzunları da az deyil. Biz onlarla fəxr edir, əzəli torpaqlarımıza yeni nəfəs verən quruculuq və yaradıcılıq işlərində hər birinə uğurlar arzulayırıq. Unutmayın ki, siz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzun olduğu Bakı Dövlət Universitetinin yetirmələrisiniz. “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deyərək qocaman təhsil ocağımıza yüksək dəyər vermiş,  onu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırmış dahi şəxsiyyətin bu kəlamlarını heç vaxt unutmayın. Siz ali təhsilinizi ölkəmiz üçün əlamətdar bir təqvim ilində başa vurursunuz – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Hər iki anlayış Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi qəbul olunur və xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlət quruculuğuna töhfə verən, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində fəal iştirak edən Azərbaycan gəncləri sırasında BDU məzunlarının da adları olacaq”.

Rektor bildirib ki, 106 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim və 1094 nəfərlik tələbə heyəti ilə fəaliyyətə başlamış BDU-da hazırda 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda BDU yüksəkixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə insan kapitalının formalaşmasına və zənginləşməsinə xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti, innovativ təlim texnologiyaları əsasında qurulur. Elmi araşdırmalar müasir tələblərə uyğun şəkildə aparılır, tədqiqat işlərinin məzmunu daim yenilənir. BDU ölkənin nüfuzlu şirkətləri, iri sənaye müəssisələri, dövlət təşkilatları, ictimai qurumları ilə əməkdaşlığı inkişaf etdirir, dünyanın aparıcı universitetləri – Türkiyə, Çin, Pakistan, Qazaxıstan, Özbəkistan və s. kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı əsasında kadr hazırlığını uğurla həyata keçirir.

BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyinin “QS World University Rankings” reytinqində böyük tarixi uğura imza atıb. Dünya universitetləri arasında ilk 700-lüyə daxil olub,688-ci sırada qərarlaşıb. Bu nəticə ilə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda lider mövqeyə yüksəlib. BDU nüfuzlu “Times Higher Education” beynəlxalq təşkilatının dünya universitetləri reytinqində ilk 600-lükdə yer alıb: “Biz bu uğura professor-müəllim heyəti və tələbələrimizlə birgə imza atmışıq. BDU bundan sonra da milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı, bəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinə sadiqliyi və vətənpərvərliyi ilə seçilən yüksəkixtisaslı mütəxəssislər hazırlamağa əzmlə davam edəcək. BDU fəaliyyət göstərdiyi 106 il ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis, o cümlədən bir çox xarici ölkələr üçün yüzlərlə peşəkar kadr yetişdirib. BDU məzunları ölkə həyatının müxtəlif sahələrində, o cümlədən dövlət quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni zamanda nəcib missiyanı şərəflə yerinə yetiriblər. BDU öz məzunları ilə həmişə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindən qürur duyur”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, BDU yüz ildən artıqdır ki,  insan kapitalının formalaşdırılması kimi müqəddəs missiyanın öhdəsindən böyük şərəf və qürurla gəlir. Bu illər ərzində Universitet yalnız elm, təhsil və tədqiqat müəssisəsi olmaqla kifayətlənməyib, eyni zamanda xalqımızın intellektual inkişafında, milli kimliyimizin formalaşmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb: "Hazırda 25 mindən artıq tələbəsi olan BDU-nun ölkədə ali təhsilin flaqmanı kimi nüfuzunu qoruması, keyfiyyətli tədrisin təşkili və güclü sosial baza ilə təmin olunması həm də dövlət səviyyəsində elmə və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində son illər ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir infrastruktur yaradılıb və qabaqcıl texnologiyalar tədris prosesinə tətbiq olunub. 2025/2026-cı tədris ilindən etibarən rekord sayda — 75000 nəfər tələbə qəbul ediləcək. Bu da təhsilin inkişafına dövlətin verdiyi dəyərin göstəricisidir". 

O qeyd edib ki, Azərbaycan ali təhsilinin uğurları artıq regional və beynəlxalq miqyasda da tanınır. "QS 2026" dünya universitetləri reytinqində ölkə tarixində ilk dəfə olaraq 6 Azərbaycan universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında yer aldı. BDU isə bu reytinq cədvəlində 688-ci yerdə qərarlaşıb. Bu, həm Azərbaycanda, həm də ümumilikdə Cənubi Qafqazda ən yüksək göstəricidir. 

Əziz məzunlar, qarşıda sizi çoxsaylı imkanlar gözləyir. Müasir dünyanın dəyişən çağırışları qarşısında yalnız bilik kifayət etmir. Dürüstlük, vətənpərvərlik, məsuliyyət və vətəndaşlıq şüuru da bir o qədər vacibdir. Ümid edirəm ki, siz Bakı Dövlət Universitetinin adını hər zaman uca tutacaq, onu uğurlarınızla təmsil edəcəksiniz". 

Gənclər və idman naziri Fərid Qayıbov  məzunları təbrik edərək, onların illər ərzində çəkdikləri zəhməti, əldə etdikləri bilikləri yüksək qiymətləndirib. O,  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gənclərə arzu və tövsiyələrini çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacaqlarına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.

BDU-nun sıx əməkdaşlıq etdiyi İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin təbrik videomüraciəti oxunub.

“Konstitusiya və Suverenlik İli”nə və Qarabağda qazanılan möhtəşəm Zəfərin 5 illik yubileyinə həsr olunmuş video nümayiş olunub.

Milli Məclisinin sədr müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, BDU-nun Himayəçilər Şurasının üzvü, bp-nin Xəzər bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli,  Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, “Şuşa Şəhəri Dövlət Qoruğu” İdarəsinin icraçı direktoru Tural Novruzov, Fizika fakültəsi Maddə quruluşu kafedrasının müdiri professor Sacidə Əbdülvahabova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, ABŞ-nin Çikaqo Universitetinin magistrantı Fidan Kərimli məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal, İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Prof.Dr Yusuf Baran, Çin Xalq Respublikasının Anhui Universitetinin Universitet Şurasının sədri Yu Baotao, Şimal-şərqi Neft Universitetinin prezidenti  Prof. Dong Hongli, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru Dr. Meiram Begentayev, Namanqan Dövlət Universitetinin rektoru Prof. Qırğızbəyev Abduqəffar, Pakistanın Milli Texnologiya Universitetinin (NUTECH) rektoru Engr.  Moazzam Ejaz, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva videomüraciətlərində BDU-nun Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, Universitetə və məzunlara təbriklərini çatdırıblar.

Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi, tədbirin tərəfdaşları “Coca-Cola”, “Ülkər – Azərbaycan”, “AZƏRÇAY”, “Njoy cofee”, “G-SHOK Casio”, “Bayramlı Group”, “Sophiss”, “Berg”, “Pizza Mizza”, “Codelandia”, “Milla”, “Baku Book Center” tərəfindən hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Yaqut Ağaşahqızı, "İki sahil"