26 iyun 2025 17:02
74

Sabahımızın qarantı

Son vaxtlar ölkəmizdə ən çox müzakirə olunan mövzulardan biri kredit götürənlərin həyat risklərinin sığorta təminatı ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki həyat risklərlə doludur. Məsələn, ailənin yeganə gəlir gətirən üzvü vəfat etdikdə və ya əmək qabiliyyətini itirəndə onun götürdüyü kreditlər ailənin üzərində bir borc kimi qalır. Dövlətin də öhdəliyi yoxdur ki, bunu qarşılasın. Odur ki, ailə üzvləri əlavə borc yükü altına düşürlər. Bu ailələrin əksəriyyəti həyat sığortası olmayan şəxslərin yaxınlarıdır. Belə olanda bank həmin şəxsin vərəsələrə miras qaydasında keçəcək əmlaka qarşı iddia qaldıra bilər. Ancaq kredit həyat sığortası bu kimi halların qarşısını alır. Bunun yeganə çıxış yolu isə kreditlər zamanı bankların kredit götürənin həyatının sığortalanmasıdır.

Yeri gəlmişkən, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na əsasən, vətəndaşlar kredit götürmək istəyərkən həmin kredit müqaviləsi üzrə öhdəlik müddətində sağlamlığında baş verə biləcək neqativ hallar səbəbindən əlilliyi, yaxud ölümü halında kredit öhdəliyinin onun sağlamlığı itdikdə özünə, vəfatı zamanı varislərinə əlavə yük yaratmaması üçün həyat sığortası məhsulu alaraq bu riskləri təminat altına almaq imkanına malikdirlər. Yəni, kredit həyat sığortası -kredit müqavilələri üzrə borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalayır. Qeyd edək ki, kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir.  Özü də bu xidmətin qiyməti hər kəs üçün əlçatandır. Məsələn, 35-40 yaş arası bir şəxs 10 min AZN istehlak kredit götürdükdə, sığorta haqqı təxminən 20-30 AZN civarında olur. Eyni yaş kateqoriyasında olan bir şəxs 3000 manatlıq kredit götürərsə, bu zaman sığorta haqqı daha da aşağı olur, yəni   təxminən 10 AZN təşkil edir. 

Göründüyü kimi, belə olan təqdirdə kredit götürənin öhdəlikləri ailəsinin üzərinə düşmür. Bu mənada kredit həyat sığortası onlar üçün əgər belə demək mümkünsə, çətir rolunu oynayır. Amma bəziləri nədənsə bir sıra psixoloji meyllərin təsirinə düşərək bundan yayınırlar. Hətta əksər hallarda riskli hadisələrin onların başına gəlməyəcəyi qənaətində olurlar.  Odur ki, kredit həyat sığortasını əlavə xərc, hətta bunu bankların marağında olan bir vasitə kimi dəyərləndirirlər. Əslində isə o heç də əlavə xərc anlamına gəlməməlidir. Çünki o, hər şeydən əvvəl bu və ya digər ailənin sabahının qarantıdır.

Digər tərəfdən, kredit götürənlərin həyat sığortası yalnız bankların maraqlarını deyil, həm də vətəndaşların sosial rifahını qoruyan əsas mexanizmlərdən biridir. Bu mənada demək olar ki, o, yalnız bankların deyil, eyni zamanda borcalanların və onların ailələrinin də maraqlarını qoruyur.  Bu isə bir daha o anlama gəlir ki, insanlar kredit həyat sığortasının həqiqətən də onlar uçun faydalı olmasına inanmalı və onu əlavə xərc kimi görməməlidirlər. Yəni, həyat sığortasının tətbiqində vətəndaşlar daha maraqlı olmalı və buna məsuliyyətlə yanaşmalıdırlar. Belələri unutmasınlar ki, sonrakı peşmançılıq heç zaman fayda vermir. Gəlin, sonradan peşman olmayaq deyə, atdığımız addımları əvvəlcədən götür-qoy edək. Çünki sonradan peşmançılıq insanın karına gələ bilmir. 

Bir məsələni də vurğulayaq ki, hazırda vətəndaşların bir çoxu bəzi sığorta şirkətlərinə etibar etmir, dezinformasiyalara tez inanır.  Şübhəsiz, bu sözügedən sahənin gənc sahə olmasından, həm də vətəndaşlarımızın kredit həyat sığortası haqqında kifayət qədər biliyinin olmamasından irəli gəlir. Ona görə də bu məsələdə maarifləndirici tədbirlər mühüm rol oynamalıdır. Yəni, əhalinin maliyyə savadlılıgının artırılması istiqamətində gorulən işlər genişləndirilməlidir. Daha doğrusu, kredit həyat sığortasının insanların özü uçun faydalı olduğuna inandırmaq lazımdır. Statistika göstərir ki, artıq bu sahədə bir canlanma var.  Belə ki, son vaxtlar Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və mətbuatın apardığı maarifləndirmə işləri öz nəticəsini verməkdədir. Elə kredit götürərkən sığorta etdirənlərin sayının artması da belə qənaətə gəlməyə əsas verir. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2024-cü ildə imzalanmış həyat sığortası müqavilələrinin sayı 850 minə yaxın olub. Bu isə o deməkdir ki, əksər vətəndaşlarımız qəbul edirlər ki, həyat kredit həyat sığortası ilə daha rahatdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusunda keçirdiyi yazı müsabiqəsinə təqdim edilir.