27 iyun 2025 13:43
110

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılış mərasimi keçirilib

Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub.

“İki sahil” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması (QAİ), Bakı Dövlət Universiteti (BDU), “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılış mərasimi keçirilib.

Quba rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, QAİ İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan dövləti və xalqı üçün ümummilli mübarizə məramı daşıyır və bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə əsaslanaraq sülh, beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində sistemli və məqsədyönlü şəkildə davam etdirilir. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın bu sahədə haqlı və prinsipial mövqeyi barədə dolğun, obyektiv şəkildə məlumatlandırılması baxımından gənclərin fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Çıxışlar zamanı gənclərin intellektual potensialının və bacarıqlarının Qərbi Azərbaycandan məcburi köçürülmüş azərbaycanlıların fundamental hüquqlarının bərpası yolunda səfərbər ediləcəyinə inam ifadə olunub.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində iyunun 29-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işlərinin təşkili nəzərdə tutulub, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən fotosərgi və film nümayiş olunacaq.

Layihənin məqsədi ölkənin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, eyni zamanda, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.