Son günlər Ermənistanda bir sıra tanınmış ictimai-siyasi fiqur, hərbçi, kilsə, biznes və media nümayəndəsi saxlanılıb. Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, onların sayı 15-ə catıb. Saxlanılanların arasında Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan, həmçinin polkovnik Mihran Magsudyan, “Daşnaksütyun” partiyasının Büro üzvü İqor Sarqsyan, bloger Armen Aleksanyan da var. Onlar Nikol Paşinyan hakimiyyətinə qarşı qanunsuz fəaliyyətlərdə və ölkəfə dövlət çevriliş planında iştirakda ittiham olunurlar.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası həbslərdən öncə Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan hazırladığını açıqlamışdı. "Çevriliş strategiyası"nın ötən ildən hazırlandığı, planın icrasına iyulun 23-də başlanacağını bildirmişdi. Bu olayların hakimiyyət-kilsə mübarizəsinin fonunda baş verməsi Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Xatırladaq ki, artıq bir neçə aydır Paşinyan hakimiyyəti ilə kilsə arasında münasibətlər son dərəcə gərgindir. Hətta müxtəlif din xadimləri barəsində istintaqlar aparılır, bəzi keşişlərə qarşı cinayət işi açılıb, onlardan bəziləri həbs olunub. Müxalifət həbsləri siyasi repressiya adlandırır, hakimiyyət isə dövlət çevrilişi təhlükəsinin qarşısının alındığını bildirir.
Baş verən olaylarla bağlı “hraparak” yazır ki, Nikol Paşinyan vərdiş halına salıb ki, daxili siyasi vəziyyət gərginləşəndə, oturacağı titrəyəndə, hakimiyyət dəyişikliyi təhlükəsini hiss edəndə, dövlət çevrilişi ssenarisi ilə hay-küy salır, adamları həbs edir, aylarla həbsdə saxlayır, ittihamı sübut edə bilməyəndə onların işinə xitam verilir. Bu, bir tərəfdən təqiblərin manik qorxularından, digər tərəfdən reytinqi artırmaq istəyindən irəli gəlir”. Həmin yazıda, həmçinin qeyd olunub ki, Paşinyanın iddia etdiyi əvvəlki “aşkar edilən” çevrilişlərin heç biri təsdiqini tapmayıb. Sabiq deputat Samvel Farmanyan isə iddia edib ki, Nikol Paşinyanın əsl məqsədi nəyin bahasına olursa olsun, Ermənistanın başında qalmaqdır: “O, 3-cü, 4-cü və ya 10-cu dövrə gedəcək”. Qeyd edək ki, Qərb də 2026-cı ildə Nikolu yenidən Ermənistanın baş naziri kürsüsündə görmək istəyir. Paşinyan isə həmin kürsüdə oturmaq üçün siyasi rəqiblərini “aradan götürmək” məqsədilə indidən hərəkətə keçib. Görəsən, Paşinyanı növbəti dövlət çevrilişi iddiasından yenə də yararlana biləcəkmi? Hələ ki bu suala birmənalı cavab vermək çətindir. Şübhəsiz, bunu zaman göstərəcək.
Amma bir məsələ olduqca maraqlıdır. Belə ki, insan hüquqlarından, demokratiyadan dəm vuran Qərb institutları, təsisatları hələ də Ermənistandkı həbslərə, polis zorakılığına nədənsə biganə yanaşır, heç münasibət bildirməyib. Sanki Avropanın "demokratik" institutları Ermənistanın qoruyucu mələyi timsalında çıxış edirlər. Bu, beynəlxalq təşkilatların işğalçı dövlətin başını tumarlamaqda davam etməsi anlamına gəlmirmi? Halbuki Azərbaycanda baş verən hər hansı kiçik hadisə onların nəzərindən qaçmır. Yəni, həmin anda onlar reallıqdan uzaq bəyanatlar yayır, "tənqidlər" səsləndirirlər. Şübhəsiz, bu, Qərbin regionda ikili standartlar tətbiq etdiyini bir daha təsdiqləyir.
Qvami Məhəbbətoğlu, “İki sahil”