X Paris Arbitraj Həftəsi çərçivəsində mürəkkəb mübahisələrin həllində dövlətlərarası arbitrajın artan rolu və Azərbaycan-Ermənistan işinin hüquqi əhəmiyyətinə dair panel iclas keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti və Türk Arbitraj Assosiasiyasının həmsədri professor Kəmalə Mehdiyeva panel iclasda dövlətlərarası arbitrajın mürəkkəb mübahisələrin həllində rolu barədə geniş müzakirə aparıb. Konfransın əsas məqsədi Azərbaycanın Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsi (PCA) qarşısında başladığı presedentsiz icraatların hüquqi və praktiki aspektlərini təhlil etmək olub. Bu işlər Bern Konvensiyası və “Energy Charter Treaty” çərçivəsində aparılır və ekoloji öhdəliklər, enerji resurslarına çıxış, eləcə də münaqişədən sonrakı dövrdə arbitraj mexanizmlərinin tətbiqi ilə bağlı yeni hüquqi suallar doğurur. Panel iştirakçıları bu PCA işlərinin dövlətlərarası mübahisələrin həllində əhəmiyyəti, regional və qlobal kontekstdə arbitrajın daha geniş təsirləri, həmçinin bu icraatlar irəlilədikcə mümkün inkişaflar və hüquqi arqumentlər barədə fikirlərini bölüşmüşlər.
Panel iclasda Mois Maqan Mbenqe (Cenevrə Universiteti), professor Kamalə Mehdiyeva (Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti, Jan-Mark Tuvenin (Paris Nanter Universiteti və Haaqa Beynəlxalq Hüquq Akademiyasının Baş katibi), Sarqis Qriqoryan (hüquqşünas, Nyu-York) və Noah Rubins (Freşfayld şirkətinin tərəfdaşı) kimi tanınmış şəxslər çıxış ediblər.
Müxtəlif ölkələrdən 120 nümayəndənin iştirak etdiyi tədbirdə Kamalə Mehdiyeva Azərbaycan-Ermənistan işlərinin əlamətdar xarakter daşıdığını və beynəlxalq hüquq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu əhəmiyyət iki istiqamətdə özünü göstərir. Birincisi, bu, Bern Konvensiyası əsasında vəhşi təbiətin və təbii yaşayış mühitinin qorunması ilə bağlı iddiaların qaldırıldığı ilk məhkəmə işidir. İkincisi, bu proseslər sübut edir ki, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə bağlı öhdəliklər dövlətlər üçün məcburi xarakter daşıyır və hətta işğal dövründə belə, biomüxtəlifliyin qorunmasına yönəlmiş effektiv hüquqi mexanizmlər mövcuddur.
Panel çərçivəsində, həmçinin dövlətlər arasında mümkün sülh müqaviləsi perspektivləri və digər beynəlxalq arbitraj nümunələri də müzakirə olunub. Konfrans mürəkkəb mübahisələrin həllində dövlətlərarası arbitrajın artan rolunu bir daha ön plana çıxarıb.