27 iyun 2025 20:29
336

“8 Noyabr” stansiyası – enerji sektorunda sürətli inkişafın parlaq nümunəsi

Mingəçevirdə inşa edilən və qarşıdakı illərdə ölkənin enerji sistemini xeyli gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışı həm texniki, həm iqtisadi, həm də geostrategik baxımdan əhəmiyyətli hadisədir. Bu stansiyanın qısa müddət ərzində layihələndirilməsi və uğurla istifadəyə verilməsi Azərbaycan energetiklərinin peşəkarlığını və dövlətin enerji siyasətinə verdiyi prioriteti ortaya qoyur.

1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyası bu gün Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük elektrik stansiyasıdır. Bu stansiyanın fəaliyyəti enerji sisteminin effektivliyini artıracaq, ölkənin enerji təminatında əhəmiyyətli yükü dəstəkləyəcək, eyni zamanda Mingəçevirin regionun əsas energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda ölkə elektrik enerjisinin 40%-dən çoxunu bu stansiya istehsal edir ki, bu da Azərbaycanın enerji siyasətinin doğru yolda olduğunu bir daha təsdiqləyir.

Ulu Öndər Heydər Əliyevin 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlini qoyması ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcı olub. 1981-ci ildə stansiyanın ilk blokunun istismara verilməsi isə bu şəhərin Azərbaycan energetikasında aparıcı mərkəzə çevrilməsinə zəmin yaradıb. Müstəqillik dövründə qarşılaşdığımız çətinliklərə rəğmən Mingəçevir stansiyası fəaliyyətini fasiləsiz davam etdirərək ölkənin enerji balansının qorunmasında mühüm rol oynayıb.

Son iki onillikdə Azərbaycanda enerji sisteminin yenidən qurulması həyata keçirilib. Ölkənin müxtəlif regionlarında yeni elektrik stansiyaları tikilib, Mingəçevirdə bərpa və yenidənqurma işləri aparılıb. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulmuş, 2020-ci ilin iyununda stansiyanın açılışı olub. Həmin stansiyanın ümumi gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının isə 1880 meqavat təşkil edir. Su elektrik stansiyasının 400 meqavat gücü ilə Mingəçevirdə istehsal olunan elektrik enerjisi ölkə tələbatının 40%-dən çoxunu təmin edir.

Normalda 2000 meqavat gücündə elektrik stansiyasının tikintisi üç-dörd il və ya daha çox vaxt tələb edir. Sovet dövründə “Azərbaycan” stansiyasının 300 MW gücündə ilkin bloku yeddi ilin sonunda – 1981-ci ildə istifadəyə verilmişdir. Lakin bu dəfə “8 Noyabr” Stansiyası cəmi iki il ərzində tamamlanmışdır. Bunun səbəbləri sırasında Azərbaycanda enerji infrastrukturunun mövcud bazası, yerli mütəxəssislərin peşəkarlığı, təcrübəsi və beynəlxalq tərəfdaşlıq, xüsusilə İtaliya və Çinin sektorda fəaliyyəti dayanır.

İtaliya və Çin ilə əməkdaşlıq mühüm strateji əhəmiyyət kəsb edir, hər iki ölkə ilə enerji və xam neft sahəsində strateji bəyannamələr imzalanmışdır. Prezident İlham Əliyev Çinə dövlət səfəri zamanı yeni bərpaolunan enerji layihələrinin icrası üçün razılıqlar əldə edilmişdir. Hazırda Azərbaycandakı yeni günəş elektrik stansiyalarının təchizatı əsasən Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu əməkdaşlıqlar sayəsində ölkəmiz enerji sektorunda daha müasir texnologiyalarla təmin edilir.

“8 Noyabr” stansiyası elektrik istehsalının səmərəliliyini artıracaq, generasiya gücünü yüksəldəcək, şərti yanacaq sərfiyyatını azaltdığı üçün təbii qəza qənaət ediləcək, bu da öz növbəsində ixrac potensialını gücləndirəcək. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir.

Energetika sahəsi milli təhlükəsizlik məsələsidir, Avropa və digər regionlarda enerji infrastrukturuna qarşı hibrid təhdidlər artır. Azərbaycan isə Avropanın etibarlı enerji təchizatçısı kimi tanınır. Təbii qaz 12 ölkəyə, onlardan 10-u Avropa dövlətlərinə ixrac edilir. Elektrik enerjisinin və gələcəkdə yaşıl enerjinin ixrac imkanı ilə ölkənin geoiqtisadi rolu artır və region sabitliyinə töhfə verir.

“8 Noyabr” adının bu layihəyə verilməsi həm xalqımız, həm də dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan sülh və sabitlik şəraitində güclü iqtisadi inkişafa doğru inamla irəliləyir. Həmin ad 44 gün Vətən müharibəsində qazanılan Zəfər tariximizlə birbaşa bağlıdır və layihəni ölkənin enerji siyasətində ən vacib təşəbbüslərdən birinə çevirir. Bu əhəmiyyətli infrastrukturun uzunömürlü və səmərəli fəaliyyəti isə yüzlərlə mühəndis, energetik və aidiyyəti dövlət qurumlarının birgə səyi nəticəsində mümkün olub.

Elşən Alıyev,

YAP Daşkəsən rayon təşkilatının sədr müavini