30 iyun 2025 02:18
161

Cənubi Qafqazın əsas energetika mərkəzi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə  “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini  ziyarət edib. Sonra dövlətimizin başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində  iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub.
 İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib. Daha sonra “8 Noyabr”   Elektrik Stansiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev tədbirdə çıxış edib. 

 Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, bu gün ölkəmizin energetika  sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir.  Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın  yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını,  energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası  ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji  potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və  beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi  olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu  Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın  doğru yolda olduğunu göstərir. 

 Prezident İlham Əliyev çıxışının davamında dedi : “Biz son 20 il ərzində  Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif  yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.”

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü