30 iyun 2025 08:17
131

Almaniyada rusiyayönlü partiyanın fəaliyyətinin qadağan edilməsi planlaşdırılır

Almaniya Sosial Demokrat Partiyası (ASDP) son seçkilərdə Bundestaqda yer almağa müvəffəq olmuş rusiyayönlü “Almaniya üçün Alternativ” (AA) Partiyasının fəaliyyətini qanunvericilik səviyyəsində qadağan etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat yayıb.

Bununla belə, qeyd edilir ki, ASDP-nin koalisiya tərəfdaşları, kansler Fridrix Mertsin Xristian Demokrat İttifaqı buna qarşı çıxıb.

“Almaniya üçün Alternativ” Partiyasının qadağan edilməsi prosedurunun hazırlanması təklifi ASDP-nin federal partiya konfransında nümayəndələr tərəfindən yekdilliklə qəbul edilib. Əvvəlcə partiyanın konstitusiyaya zidd fəaliyyətinə dair sübutların toplanması üçün işçi qrupu yaradılacaq.

Əgər sübut tapılsa, iş Federal Konstitusiya Məhkəməsinə veriləcək. ASDP lideri Lars Klinqbeylin sözlərinə görə, bundan sonra Almaniyada “Almaniya üçün Alternativ” Partiyasının qadağan edilməsi qaçılmaz olacaq.

"Buna görə də işçi qrupuna həm məzmun, həm də praktiki olaraq “Almaniya üçün Alternativ” Partiyasının siyasətinə qarşı mübarizə konsepsiyasını hazırlamaq tapşırılıb. ASDP-nin məqsədi seçiciləri “Almaniya üçün Alternativ”dən həmişəlik yayındırmaqdır", - nəşr yazır.

Klinqbeyl bildirib ki, ASDP-nin "tarixi vəzifəsi" “Almaniya üçün Alternativ”i siyasətdən kənarlaşdırmaq və bunu həmişəlik etməkdir. O xatırladıb ki, bunun üçün partiyanın bütün konstitusiya sənədləri var.