Dövlət başçımızın yürütdüyü siyasət regionları paytaxta, paytaxtı da regionlara daha əlçatan edir, region əhalisinə paytaxt sakinlərinə verilən xidmətləri və yüksək həyat standartlarını təqdim edir. Atılan bütün addımlar müxtəlif regionlar arasında mövcud olan sosial və iqtisadi disbalansı aradan qaldırmağa xidmət edir. Regional siyasət ölkəmizin bütün regionlarını, şəhər və kəndlərini əhatə edir, iş yerlərinin yaradılmasına, biznesin rəqabət qabiliyyətinə, iqtisadi artıma, davamlı inkişafa və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Dövlətimiz investisiyaları dəstəkləyir, kiçik və orta sahibkarlığın inkişafına, yerli istehsalın artırılmasına çalışır. Regional siyasət, regionların sosial-iqtisadi inkişafı həm də demoqrafiya ilə də bağlıdır. Dövlət başçımızın bu dəfə də Yevlaxa səfər etməsi onu göstərir ki, yürüdülən aktiv beynəlxalq siyasətə paralel olaraq daxili siyasətdə də işlər sürətlə icra olunur. Məsələ həm də ondan ibarətdir ki, Qarabağın dirçəldilməsinə paralel olaraq digər regionlarımız da dövlətimizin, dövlət başçımızın diqqətindən kənarda qalmır. Dövlət başçımızın regionlara bu səfəri çərçivəsində enerji amilinin üzərində xüsusi dayanıldığının şahidiyik. Yevlax pilot aqroparkının açılışı isə istehsal və ixrac pəncərələrinin daha geniş aralanmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına xidmət edəcək. İnverstorlar üçün şəffaf mühitin yaradılması, dövlət tərəfindən təqdim edilən stimullaşdırıcı addımlar regionların inkişafını daha da sürətləndirəcək
Bütövlükdə Prezident İlham Əliyevin regionlara bu dəfəki səfəri də olduqca məhsuldar oldu. Bir daha sübut olundu ki, dövlət başçımızın yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının daha da yaxşılaşdırılması dayanır. Prezident İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmiz adına çox gözəl hadisədir. Azərbaycan iyunun 24-də Mingəçevirdə 1880 meqavat gücündə nəhəng meqainfrastrukturu istifadəyə verməklə daha bir nailiyyətə imza atdı. Cəmi iki il əvvəl ‒ 2023-cü il fevralın 13-də əsası qoyulan “8 Noyabr” Elektrik Stansiyası qısa bir dövr ərzində istifadəyə hazır olmaqla Cənubi Qafqazın elektroenergetika sənayesinin zirvəsinə ucaldı. Stansiyanın adının “8 Noyabr” seçilməsi də təsadüfi deyil. Bu, Ali Baş Komandan tərəfindən ən düzgün seçimdir, şanlı Zəfərimizin tarixi, işıqlı parlaq salnaməsidir, Azərbaycanın müdrik enerji diplomatiyasının növbəti uğur rəmzidir. Qəhrəman şəhər olan Mingəçevirin işıqlı obrazının tərənnümüdür. 8 Noyabr” Elektrik Stansiyası Azərbaycan dövlətinin möhtəşəm iqtisadi iradəsi və qüdrəti, xüsusi təşəbbüskarlıq istedadı, strateji tərəfdaşlarımız olan İtaliya və Çin şirkətlərinin Azərbaycan energetikləri ilə birgə səyləri sayəsində sürətli icra edilərək ərsəyə gələn unikal enerji əsəridir.
Bu mükəmməl enerji infrastrukturlarının əsas sütunları isə hələ ötən əsrin 70-ci illərində yaradılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İES-in təməlinin qoyulması və 1981-ci ildə stansiyanın birinci blokunun istismara verilməsi ilə Qafqazın ən önəmli energetika mərkəzi, eyni zamanda, möhkəm zəngin energetika təcrübəsi yarandı, ağır sınaqlarda respublikanın təhlükəsizliyini təmin edəcək möhkəm generasiya potensialı formalaşdı. Ümumi generasiya gücü 2400 meqavat olan həmin stansiya müstəqilliyimizin ən ağır illərində Azərbaycanın enerji təhlükəsizliyinin təhlükə altına düşməsinin qarşısını aldı. Həmin kritik məqamlarda enerji qıtlığı yaransa da, Mingəçevir yükü öz çiyinlərinə götürərək dövlətimizin enerji təhlükəsizliyini təmin edə bildi. Heydər Əliyev strateji sahə hesab etdiyi energetika sistemini müstəqil Azərbaycana rəhbərliyi dövründə yenidən bərpa etdi, istismar müddəti başa çatmış elektrik stansiyalarının təmiri üçün imkanları və xarici maliyyə institutlarını cəlb etdi, bir neçə stansiyanın təməlləri qoyuldu. Bu sütunlar üzərində energetika təsərrüfatı Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ötən 20 ildə tamamilə yenidən qurularaq modernləşdirildi, bölgələrdə yeni elektrik stansiyaları quruldu.
Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını bir daha göstərir. Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı Azərbaycanın enerji sahəsində tarixi dönüş nöqtəsinin nümayişidir. Həm simvolik, həm də strateji baxımdan mühüm əhəmiyyətə malik olan bu infrastruktur layihəsi ölkəmizin enerji müstəqilliyi, iqtisadi sabitliyi və regional güc mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizliklə eyniləşdirilir. Müasir geosiyasi reallıqlar göstərir ki, enerji resurslarının etibarlı, dayanıqlı və fasiləsiz təchizatı təkcə iqtisadi inkişaf üçün deyil, eyni zamanda ölkələrin suverenliyi, daxili sabitliyi və strateji müstəqilliyi üçün həyati əhəmiyyət kəsb edir. Enerji böhranları və geosiyasi risklərin artdığı bir dövrdə, enerji sahəsində özünü təmin edə bilən və ixrac imkanlarına sahib olan dövlətlər beynəlxalq münasibətlər sistemində daha üstün mövqe tutur.
Azərbaycanın bu sahədə apardığı məqsədyönlü siyasət, həyata keçirdiyi irimiqyaslı enerji layihələri və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi mühüm enerji oyunçusuna çevirib. Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” kimi layihələr təkcə iqtisadi fayda gətirmir, eyni zamanda Avropa üçün alternativ enerji marşrutu kimi strateji əhəmiyyət daşıyır. Bu isə Azərbaycanı enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşa çevirir. Bütün bunlar onu göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız texniki və ya iqtisadi məsələ deyil, bu, dövlətlərin milli maraqlarının və təhlükəsizliyinin qorunması məsələsidir. “8 Noyabr” stansiyasının 1880 meqavat gücü ilə fəaliyyətə başlaması Mingəçeviri təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın enerji mərkəzinə çevirir. Hazırda ölkəmizdə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirdə istehsal olunur. Stansiyasının istismara verilməsi ilə şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsi sayəsində ildə təqribən bir milyard kubmetrə yaxın qaza qənaət olunacaq ki, Azərbaycanın xaricə əlavə nəql gücü yaranacaq. Pan-Avropa təchizatçısı kimi ad qazanan Azərbaycan qazla təmin etdiyi 10 Avropa ölkəsinin sırasına digərlərini də əlavə etməklə ixrac coğrafiyasını genişləndirəcək. Eyni zamanda, bu stansiya Azərbaycanın “yaşıl enerji”yə keçid üçün strateji hədəflərə çatmaqda yeni mərhələ olacaq, 2030-cu ilə qədər əsas prioritetlərdən biri olan 6500 meqavat bərpaolunan enerji istehsalını stimullaşdıracaq. İtaliya və Çin şirkətlərinin bu layihəyə qatılması Azərbaycanın uğurlu xarici iqtisadi siyasətinin göstəricisidir. Strateji tərəfdaşlıq haqqında imzalanmış sənədlər nəticəsində bu ölkələrlə enerji, ticarət və texnoloji əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Qısa ifadə etsək, “8 Noyabr” Stansiyası həm də beynəlxalq tərəfdaşlığın və qarşılıqlı etimadın bariz nümunəsidir.
“8 Noyabr” Elektrik Stansiyası həm də sülh və sabitlik simvoludur, milli təhlükəsizliyin qarantıdır. Stansiyanın yerləşdiyi Mingəçevirin vaxtilə işğalçı Ermənistan tərəfindən hədəf seçilməsi də təsadüfi deyildi. Ermənistanın siyasi-hərbi rəhbərliyi Mingəçeviri bombalamaq, su bəndini dağıtmaq və elektrik stansiyasını sıradan çıxarmaq kimi təhdidlər səsləndirirdi. Bədnam ölkə 44 günlük Vətən müharibəsində Mingəçevir Elektrik Stansiyasına uzaqmənzilli raketlər atmaqla öz terrorçu simasını bir daha göstərdi.
Beş ildir ki, bölgədə sülhü təmin edərək yeni sənaye quruculuğu ilə məşğul olan Azərbaycan bu nəhəng quruculuq proqramının daha geniş və çoxşaxəli olmasına çalışır. Bu məsələdə regiondakı sabitlik isə ən mühüm faktorlardan biridir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri