Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunan FHN-in yaradılmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar da iştirak ediblər.
Azərbaycan Respublikasının mili yığma komandası Beynəlxalq yarışın qalibi olub.
Mərasimin sonunda Milli yığmamızın üzvləri, o cümlədən I yerin qalibləri Bakının Binəqədi rayonundakı 244 saylı məktəbin şagirdləri Abbasov Qurban Tacəddin oğlu, Şahverdiyev Qəhrəman Azər oğlu, Əhmədov Araz Fərrux oğlu, Zəkili Nihat Adil oğlu və digərləri mükafatlandırılıblar.
Zahid Rza, “İki sahil”