Almaniyanın hakimiyyət orqanları iyulun 1-dən etibarən Baltik dənizinin şərq istiqamətində hərəkət edən tankerlərin neft çirklənməsi ilə bağlı sığorta təminatının yoxlanmasına başlayıb. Bu gəmilərin sığortası çox zaman məlum naməlum qalır, çünki onlar tanınmış sığorta şirkətlərindən və Avropa limanlarından yayınırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Məlumatda federal nəqliyyat naziri Patrik Şniederin açıqlamasına da yer verilib: “Kölgə donanması” məsələsində Baltik dənizində sayıqlığımızı artırmalıyıq. Nəqliyyat mərkəzləri vasitəsilə sığorta statusunun sorğulanması vəziyyətin daha aydın görünməsinə kömək edəcək. Mənzərə nə qədər tam olsa, Baltik regionundakı tərəfdaş ölkələrlə birlikdə həmin gəmilərin sanksiya siyahısına salınması da daxil olmaqla tədbirlər görmək bir o qədər asan olacaq”.
Federal xarici işlər naziri İohan Vadeful vurğulayıb: “Yeni sorğular bölgədəki dost və tərəfdaşlarımızla əməkdaşlığımızı daha da gücləndirəcək. Məqsədimiz tam aydındır: Rusiyanın kölgə donanmasına təzyiqi artırmaq və Baltik dənizini qorumaq”.
Qeyd olunub ki, bu tədbir Avropanın Rusiyanın kölgə donanmasını sıxışdırmaq, dəniz nəqliyyatında təhlükəsizliyi və dəniz mühitinin mühafizəsini gücləndirmək səyləri çərçivəsində həyata keçirilir. Almaniya ilə eyni gündə İsveç də oxşar sorğulara başlayıb. “Kölgə donanması”na sanksiyalardan yayınmaq üçün istifadə edilən, tez-tez köhnə və təhlükəli işləmə üsullarına malik neft tankerləri daxildir.
Nəqliyyat idarələri tərəfindən toplanan sənədlər gəmi təhlükəsizliyi üzrə ixtisaslaşmış orqan tərəfindən yoxlanılır. Əgər sənədlərdə şübhəli hallar aşkarlanarsa, bu, həmin gəmilərin Avropa miqyasında müşahidə altına alınmasına, məxsus olduğu dövlət tərəfindən tədbirlərin görülməsinə və əlavə meyarlar mövcud olduqda isə sanksiya siyahısına salınmasına səbəb ola bilər.