05 iyul 2025 01:15
141

“Qara keşiş” əməliyyatının müəllifi kimdir?

Bu sualın cavabı məlumdur. Ermənistanı silkələyən “Qara keşiş” əməliyyatını burada nüfuzu sürətlə zəifləməkdə olan Kreml maliyyələşdirir.  Baş nazir Nikol Paşinyanın arxasında isə "Soros" fondu və ABŞ kəşfiyyatı, bəzi varlı erməni iş adamları dayanır. Bunlardan da istifadə edən baş nazir əlində cəmləşən bütün imkanları "keşiş əməliyyatı" üçün səfərbər edir. Nikol Paşinyan hakimiyyəti Ermənistanda rəsmi hökumət qurumu kimi tanınsa da, özünü sərbəst aparan Erməni Apostol Kilsəsi dövlət içində “dövlət” kimi mövcuddur. Bu, ötən əsrin  əvvəllərindən belədir. Hətta sabiq prezident Serjik Sarkisyanı devirən, Paşinyanı kürsüyə çıxaran da elə erməni kilsəsi idi. Daha doğrusu, İrəvanda küçə hərəkatının başlanğıcını qarasaqqallı keşişlər qoymuşdular. Kilsənin böyük iqtisadi gücü, xaricdə kifayət qədər maliyyə mənbələri var. Ona görə də Ermənistanın siyasi hakimiyyəti hər zaman kilsə ilə münasibətdə çox ehtiyatlı davranıb. Buna baxmayaraq, baş nazir Nikol Paşinyanın siyasi hakimiyyətə gəlişi ilə hökumətlə kilsə arasında dərin bir uçurum yarandı. Səbəb kilsənin dövləti özünün vassalına çevirən Rusiyanın mənafeyinə işləməsi idi. Dini qurumun müxalifətə və revanşistlərə qoşulub Paşinyanı devirmək cəhdlərindən sonra tərəflər arasında mübarizə açıq xarakter aldı.   Ona görə də Nikol Paşinyan açıq şəkildə bəyan etdi ki, kilsə erməni cəmiyyətinin bətnindəki qara yaradır və “müalicə olunmalıdır”.

Bu fikirlər Ktrıç Nersesyan-II Qaregin başda olmaqla, bütün kilsə tör-töküntüsün qəzəbinə səbəb oldu. Kilsə baş nazirə qarşı yeni bir cəbhə açdı. Bu cəbhədə qarşılıqlı həmlələr güclənsə də indiki qədər pik həddə çatmayıb.

Qeyd edək ki, II Qareginin də  maliyyə vəziyyəti olduqca yüksək səviyyədədir. Belə ki, beynəlxalq araşdırmaların nəticəsində onun hesabında 111 milyon dolların olduğu aşkara çıxarılıb. Bundan başqa, dini qaydaya zidd olaraq evliliyi və bir övladı olduğu da məlum olub. Dini qaydaya görə katalikosun ailəsi-uşağı ola bilməz, əgər olursa deməli, bu vəzifəyə seçilə bilməz.

Bu sirri öyrənən baş nazir Nikol Paşinyan da II Qaregini məhz dinə və Tanrıya xəyanətdə ittiham edir. O, katalikosun Tanrını da aldatdığını bildirib. Baş nazir düşünür ki, bəzi evli keşişlər öz rəhbərlərinin göstərişi və məcburiyyəti ilə onun verdiyi bəyanatı mübahisələndirməyə cəhd edirlər. Paşinyan da din xadimlərindən haqlı olaraq sual edir ki, “niyə zinakar bir keşiş  sizə rəhbərlik etməlidir?" Bu sual onları çaşdırır və cavab verə bilmirlər. Keşişlər katalikosun “aydan arı, sudan duru” olduğunu sübut edə bilmirlər. Əlac yenə özlərinə məxsus abırsız üsulların işə salınmasına qalıb.

Məsələn, Ermənistanın Konstantinopol Patriarxlığı və bəzi xarici kilsə dairələri  məsələyə qərəzli münasibət bildirərək baş nazir Paşinyanın bəyanatlarını “təxribatçı” və “siyasi motivli” adlandırıblar. Onlar bildiriblər ki, dövlət başçısının kilsə işlərinə bu cür müdaxiləsi qəbuledilməzdir. İndiyədək “yağ yeyib yaxada gəzən” ruhanilər  belə münasibət görmədikləri üçün onu həzm etmək istəmirlər. Bir sözlə, hazırda İrəvanda ara qarışıb, məzhəb itib. Bu, necə olur ki, kilsə dövlətin siyasətinə qarışa bilər, ancaq dövlət kilsənin işinə qarışa bilməz? Yüz əlli ilə yaxın müddətdə dövlətə ciddi təsir göstərən və hər hoqqanın ortasından çıxan kilsəyə öz yerini göstərəndə niyə qəzəblənirlər? Onlar ki, müqəddəs deyillər.

Hazırda Hayastanda təkcə Erməni Apostol Kilsəsinin rəhbərləri deyil, həm də ali ruhanilər əsl cənnət həyatı yaşayırlar. Onlar on minləri, yüz minləri böyük pullar hesab etmirlər. Bir fakt göstərək ki, 2011-ci ildə Ararat yeparxiyasının arxiyepiskopu, II Qareginin yaxın dostu Navasart Koçoyan xaç oğlundan hədiyyə olaraq 200 min dollar dəyərində “Bentli kontinental” markalı minik maşını qəbul edib. Əgər keşiş oğlu bir hədiyyəyə 200 min dollar verirsə, deməli onun çox geniş imkanları var. Belə pullu təkcə o deyil, varlı ruhanilərin sayı çoxdur.

 Bu məqamda vurğulamaq lazımdır ki, kilsə maliyyə cəhətdən silahlı qüvvələrdən, polisdən, regional və yerli hakimiyyət orqanlarından geridə olsa da, baş nazir aparatını, nazirlikləri, məhkəmələri və parlamenti qabaqlayır. İndi vəziyyət bir qədər fərqlidir. Bu imkanlar kilsənin əlindən alınmqdadır.  Katalikosun, vəzifəli ruhanilərin, keşişlərin sıxışdırılması  baş nazir Nikol Paşinyanın və müharibə istəməyən əhalinin xeyrinə işləyir. Kilsənin Rusiya kəşfiyyat orqanlarına casusluq etməsi keşişləri erməni toplumunun gözündən salıb. II Qaregin postunu itirərsə,  kilsənin hökmranlığına son qoyulacaq və bununla da sərhədsiz “böyük Ermənistan” xülyası əriyib gedəcəkdir. Nikol Paşinyanın da məqsədi belədir ki, nəhayət, ermənilər pis yuxulardan oyansınlar və “real Ermənistan” ideyası reallığa çevrilsin.

Vəli İlyasov, “İki sahil”