05 iyul 2025 15:33
126

Aşura günündə qanvermə aksiyaları ənənəyə çevrilir

Azərbaycanda Aşura günündə qanvermə aksiyalarının keçirilməsi artıq ənənə halını alıb. Əsası bir neçə il öncə qoyulan həmin ənənə ildən-ilə genişlənir və qanvermə aksiyası keçirilən məntəqələrin sayı artır. Bu il qanvermə aksiyaları 40-a yaxın məntəqədə təşkil edildi. Təbii ki, aksiyanın əsas təşkilatçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir. Bundan əlavə, digər qurumlar da bu prosesə qoşuldular. Gənclərin və Qeyri-Hökumət Təşkilatlarının aktivliyi müşahidə olundu".

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyası zamanı deyib.

O, bu il ilk dəfə olaraq qanvermə məntəqələrinin siyahısına Şuşa və Ağdam məscidlərinin də daxil edilməsinin həm sevindirici, həm də qürurverici hal olduğunu deyib: "Şəhidlərimizin qanı ilə aldığımız torpaqlara köçən insanlar hemofiliya və talassemiyadan, eləcə də digər xəstəliklərdən əziyyət çəkənlər üçün qanvermə aksiyasına qoşuldular.

İmam Hüseyn əzadarlığına ən uyğun formada seçilmiş olan qanvermə aksiyası həm İslamın, həm də Azərbaycan xalqının mədəniyyəti və mənəviyyatının təcəssümü baxımından təqdirəlayiqdir. Qanvermə aksiyasında vətəndaşların fəal iştirakı üçün ilboyu din xadimləri, dini icmalar və qeyri-hökumət təşkilatları ilə birgə təbliğat işləri aparılır. Nəticədə hər il aksiyada iştirak edənlərin sayı artır.

Azərbaycan İlahiyyat İnstitutu iki ildir ki, bu aksiyaya qoşulub. Bu da çox önəmli məqamdır. Çünki Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dini təhsil verən yeganə ali təhsil müəssisəsidir. Bu sahədə peşəkar kadrlar məhz burada hazırlanır. Bu baxımdan prosesin məhz burada təhsil alan gənclərin gözü qarşısında baş verməsi və onların aktiv şəkildə iştirakı təqdirəlayiq haldır. İlkin təəssüratlar ondan ibarətdir ki, respublikada qanvermə aksiyası keçirilən bütün məntəqələrin qarşısı izdihamlıdır”.