Azərbaycan və Özbəkistanı yalnız ortaq tarix və dil deyil, həm də qardaşlıq və dostluq bağları birləşdirir. Hər iki ölkə türk dünyasının ayrılmaz üzvləridir və illərdir davam edən siyasi, iqtisadi və mədəni əlaqələri ilə bir-birinə dayaq olmağı bacarıblar. Tarix boyu Azərbaycan və özbək xalqları arasında formalaşmış bu səmimi dostluq münasibətləri, ortaq dini, mədəni və mənəvi dəyərlər, həmçinin dil və adət-ənənə yaxınlığı ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Bu münasibətlərin inkişafı nəticəsində 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yaranmış qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər iki ölkə arasında müxtəlif sahələrdə fəal əməkdaşlığı təşviq edən və ciddi uğurların əldə olunmasına yol açan mühüm amillərdən biridir. Hazırda Azərbaycan ilə Özbəkistan arasında siyasi, sosial-iqtisadi, enerji, humanitar, təhsil, turizm, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənməkdədir. Bu ölkələr bir-birinin milli maraqlarını diqqətlə nəzərə alır, qarşılıqlı dəstəyi davamlı şəkildə nümayiş etdirirlər.
Xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycan-Özbəkistan əməkdaşlığı dərin əlaqələrə və güclü həmrəyliyə əsaslanaraq, digər üzv dövlətlər üçün nümunəvi bir model kimi çıxış edir. Müstəqillik dövründə də bu münasibətlər güclənmiş, hərtərəfli əməkdaşlığa çevrilmişdir. Ən mühüm məqamlardan biri isə Qarabağın bərpası prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyidir.
2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Bu mərhələdə Özbəkistan ilk olaraq konkret addım atan ölkələrdən biri oldu. Füzuli rayonunda, erməni işğalından azad olunmuş ərazidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşası Azərbaycanın təkcə fiziki deyil, mənəvi olaraq da bərpa olunmasına verilən çox dəyərli töhfə oldu. Bu məktəb gələcəyin qurucularının təhsil alacağı, bayrağımızın azad dalğalandığı torpaqda uşaqların səslərinin eşidiləcəyi bir ümid yerinə çevrildi. Özbəkistanın bu addımı təkcə bir infrastruktur layihəsi deyildi. Bu, xalqlarımız arasında dərin dostluğun və qardaşlığın rəmzinə çevrildi. Azərbaycan xalqı bu dəstəyi böyük hörmət və minnətdarlıqla qarşıladı. Bir çox ölkənin səssiz qaldığı bir dövrdə, Özbəkistanın həm sözlə, həm də əməli yardımla yanımızda olması əsl türk birliyi və həmrəyliyinin təcəssümüdür.
Bütün bu münasibətlərin içində isə ən yaddaqalan hadisə Qarabağda inşa edilən məktəbdir. Bu hədiyyə gələcəyimizə atılan səmimi bir imza, unudulmaz bir dostluq jestidir. Azərbaycan xalqı olaraq bu dəstəyə görə Özbəkistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk. Qarabağın işıqlı sabahı üçün atılan hər addım bizim üçün həm qürur, həm də ümid mənbəyidir. Və bu yolun başlanğıcında Özbəkistanın olması bizim yaddaşımızda daim yaşayacaq. İyulun 2-də Azərbaycan və Özbəkistan prezidentləri iştirakı ilə iki ölkə arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib. Sənədlər kənd təsərrüfatı, gəmiçilik, nəqliyyat, sənaye, ticarət, təhsil, sosial müdafiə, gömrük, ətraf mühitin mühafizəsi və mobil cihazların təhlükəsizliyi kimi sahələri əhatə edib. Ticarət dövriyyəsinin 2030-cu ilə qədər 1 milyard ABŞ dollarına çatdırılması məqsədilə fəaliyyət planı, eləcə də sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq proqramları razılaşdırılıb.
Təhsil və sosial sahədə əməkdaşlıq çərçivəsində ali təhsil, peşə təhsili və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı birgə layihələr nəzərdə tutulub. Bundan əlavə, Sumqayıt ilə Daşkənd, Qəbələ ilə Nəvai şəhərləri arasında qardaşlaşma münasibətlərinə dair protokollar imzalanıb.
Bu sənədlər Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığını gücləndirməklə yanaşı, regional və beynəlxalq səviyyədə birgə fəaliyyət imkanlarını genişləndirir.
Arzu Məmmədova,
249 saylı məktəbin müəllimi