07 iyul 2025 11:39
115

ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi siyasi mahiyyətə malikdir

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. İyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi də Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. 

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf­li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət­mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə­sində nail olunub. 

Ölkəmiz tarix baxımından qısa müd­dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu­ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi­yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re­gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. 

Zirvə görüşünün Xankəndidə təşkili təsadüfi deyil. Bu addım Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını və bu reallıqları beynəlxalq platformalara daşıdığını göstərir. Burada məqsəd sadəcə infrastrukturu nümayiş etdirmək deyil, geosiyasi mesaj verməkdir: Bura Azərbaycandır və bundan sonra da belə olacaq. Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, məscidlərin təhqir edilməsi, qəbiristanlıqların məhv edilməsi təkcə maddi deyil, mədəni və dini soyqırımı nümunəsidir. Prezident İlham Əliyev bu faktları gündəmə gətirərək, beynəlxalq ictimaiyyəti ədalətli yanaşma və obyektiv mövqe sərgiləməyə çağırır.

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik addımlarının nəticəsi olaraq ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi siyasi mahiyyətə malik olmaqla üzv dövlətlərin daha sıx siyasi konsolidasını göstərdi. ECO üzvlərinin müsəlman ölkələri olması, xalqların isə çox yaxın milli-mənəvi dəyərlərə sahib olmaları, təşkilatın siyasi vəhdətinin əsasını təşkil edir. Üzv dövlətlərin rəhbərlərinin burada iştirakı onu deməyə əsas verir ki, bütün üzvlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona hörmətlə yanaşırlar. Bu amillər təşkilat daxilində siyasi müttəfiqliyin formalaşdığının göstəricisidir.

Onu da qeyd etmək lazımdır ki, ECO ölkələrinin əhalisi ifrat Qərb demokratiyasını birmənalı qəbul etmirlər. Milli-əxlaqi dəyərlər bu cəmiyyətlərdə çox dərin kök saldığı üçün demokratiyanın bir sıra cəhətlərindən tamamilə imtina edirlər.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququ məsələsini bir daha qaldırdı. “Bu, Azərbaycanın humanitar və hüquqi müstəvidə mübarizəsinin davam etdiyini göstərir. İƏT-in qəbul etdiyi qətnamə və İstanbul Bəyannaməsi bu mübarizənin beynəlxalq hüquq müstəvisində təhlükəsiz və sülh yolu ilə həllinin mümkün olduğunu göstərir”.

Ümumilikdə, Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilən sammitdə
iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Üzv ölkələr bir daha regional maraqlara uyğun, çoxtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirdilər, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıldı. Yaşıl dəhlizlər, enerji və iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya, mövcud geosiyasi şəraitdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olundu. İnvestisiya əməkdaşlığının yeni səviyyəyə çatdırılması, daha şəffaf və cəlbedici investisiya mühitinin yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımız həmçinin ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırdı.

Anar Məmmədov,

Milli Məclisin deputatı