08 iyul 2025 11:20
160

Xankəndidən Qərbi Azərbaycan xəbərdarlığı

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev xatırlatdı ki, Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır. Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə xəbərdalıq edilsə də Ermənistan və onun havadarları Azərbaycanın bu xəbərdarlığını ciddi qəbul etmədilər. Nəticədə isə peşman oldular.

Ölkə başçısı bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.

Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ölkə başçısı çıxşında Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi məsələsinə də diqqət çəkdi. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdi. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurası iclasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin olunması sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri