Azərbaycanın 7 şahmatçısının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirakı təsdiqlənib.
“İki sahil” xəbər verir ki, beynəlxalq yarışda Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva mübarizə aparacaq.
İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq "Grand Swiss"də 172 şahmatçı yer alacaq. Onlardan 116 nəfəri açıq, 56 oyunçu isə qadınlar arasında keçiriləcək turnirdə iştirak edəcək. Açıq turnirin mükafat fondu 625 min ABŞ dolları təşkil edir. Qadınların yarışında isə bu rəqəm 230 min dollardır.
Açıq turnirdə Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı mübarizə aparacaq. Qadınların yarışında isə Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alacaq.
Hər iki yarışda ilk iki yeri tutan şahmatçılar 2026-cı ildə təşkil olunacaq İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Grand Swiss" sentyabrın 3-dən 16-dək təşkil olunacaq.