Sədərək rayonunda “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə “SOCAR Petroleum” QSC-nin rəhbər heyəti və nümayəndələri, Naxçıvan şəhəri və Sədərək rayonunundan rəsmi şəxslər, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Rayonun Qaraağac kəndi ərazisində yerləşən yanacaqdoldurma stansiyasında davam edən açılış tədbirində xüsusən son illər ərzində “SOCAR Petroleum” QSCtərəfindən görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Naxçıvan və Sədərək rayonlarındakı yeni layihələrindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.
Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 22 yeni iş yeri də yaradılıb.
Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Naxçıvan-Şərur-Sədərək şosesi yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli 70 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.