08 iyul 2025 16:56
171

Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri davam edir. 

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Krallığın Baş Qərargahında rəsmi qarşılanma mərasimi təşkil olunub. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.