Keçən əsrdə ermənipərəst bolşevik hökumətinin təzyiqi ilə Azərbaycanın xeyli ərazisi əlindən alınaraq qondarma Ermənistana hədiyyə edilib. Bundan şirniklənən daşnaklar işğala əsas yaradan konstitusiyadan möhkəm yapışıblar. Kilsə xəyali Ermənistan qurmağı hər bir erməninin beyninə yeritməyi özünün əsas vəzifəsi kimi yerinə yetirib. Keşişlər bu məqsədə çatmaq üçün qonşu xalqlarla normal münasibət yaradılmasına imkan verməyiblər və bunu ölkənin əsas qanunda əks etdiriblər. Ancaq zaman dəyişib, qonşu dövlətlər müstəqillik qazanıb, Ermənistanın cinayət maddələri əks etdirən konstitusiyasının dəyişməsi zərurətə çevrilib. Baş nazir Nikol Paşinyan bu ölkənin ilk dövlət başçısıdır ki, təcavüzkar konstitusiyanın humanistləşdirilməsinə çalışır. Ancaq onun bu təşəbbüsü hələlik cəmiyyətdə birmənalı qarşılanmır.
Bu günlərdə Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb: “Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var”.
Baş nazirin sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır. Yəni, təcrid olunmuş Ermənistan dünyaya inteqrasiya etməli, dövlətlərlə iqtisadi əlaqələr qurmalıdır. Qeyd edək ki, Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlərdən biri qonşu ölkələrin ərazi bötövlüyünə hörmət etməsi, dövlət atributlarının dəyişdirilməsidir.
Ancaq daşnakların və milli nifrət yuvası kimi tanınan erməni kilsəsinin müəllifi olduğu qanunlar toplusu qonşu dövlətlərə düşmənçilik ruhunda yazılıb. Erməni kilsəsi məhz heç vaxt mövcud olmayan “dənizdən-dənizə böyük Ermənistan” əfsanəsi və sadə adamların beyinlərini torpaq iddiası ilə zəhərləyib. İctimaiyyətin nümayəndələri bunu “sağalmaz erməni xəstəliyi” də adlandırırlar.
Erməni Apostol Kilsəsi, katalikos II Qaregin-Ktriç Nersesyan Nikol Paşinyanın mövcud konstitusiyanı dəyişdirməsinə qarşı çıxır. Bu, hətta artıq kəskin kilsə-dövlət qarşıdurmasına çevrilib. Ermənilərin tarixində dinlə dövlət arasında belə qarşıdurma ilk dəfə baş verir. Buna qədər dini rəhbərlər hakimiyyətə nəzarət etmişlər.
Əvvəlki konstitusiya qonşularla düşmənçilik davranışlarını söndürməyə imkan vermir. Kilsə erməni toplumunun zehnini onilliklər boyu ərazi ehtirası ilə elə doldurub ki, onu beyinlərdən çıxarmaq çox çətin işdir. Ona görə də toplumun bir hissəsi kilsənin ardınca gedir. Bundan istifadə edən II Qaregin və ona sədaqətli dindarlar Nikol Paşinyana qarşı etiraz mitinqləri, küçə yürüşləri, piketlər keçirirdilər. Hətta keşiş Baqrat Qalstanyan Tavuş vilayətində əhalini etiraza, dövlətə tabe olmamağa çağırırdı. Sonra məlum oldu ki, Erməni Apostol Kilsəsi casus yuvasıdır. Keşiş Baqrat da həmin casuslardan biridir. Bu baxımdan revanşistlərin kilsə ətrafında dolaşması təsadüfi deyil. Onlar kütlələri baş nazirə qarşı qaldırmaqla kifayətlənməyərək onun cismani olaraq məhv edilməsinə fitva verirlər. Artıq barışmaz düşmənlər arasında hakimiyyət davası öz apogeyinə yüksəlməkdədir. “Kim-kimi” məsələsi kəskinliklə qarşıda durur. Milyarder Samvel Karapetyanın həbs olunması bu çəkişmənin ştrixlərindən yalnız biridir.
Hamı ümidini gələn il keçiriləcək seçkilərə bağlayıb. Hər iki cəbhədə seçkilərdə qalib gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Əgər Nikol Paşinyan sivil qaydada qalib gələrsə onda onun terrorla aradan qaldırlması qaçılmaz olacaq. Bunu yaxşı bilən Nikol Paşinyan öz təhlükəsizliyi üçün vacib olan tədbirləri bəri başdan həyata keçirir. Bir neçə gün əvvəl baş prokuroluq tərəfindən keçmiş müdafiə naziri Seyran Ohanyanın və ekologiya naziri Artsvik Minasyanın toxunulmazlıq hüququnun ləğvi də bununla əlaqədardır. Hiss olunur ki, siyahıda başqalarının da adı var. Çox keçməz ki, onlar da ifşa edilərlər. Çünki seçkilərə aparan vaxt günbəgün azalır. Onların zərərli fəaliyyəti ilə bərabər, “keşiş-daşnak konstitusiyası” da ermənilərin zehniyyətindən silinəcəkdir.
Vəli İlyasov, “İki sahil”