Mayın 13-15-də dünyanın diqqəti ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasına səfərinə yönəlmişdi. Dünyanın nüfuzlü nəşrlərində dərc olunan məqalələrdə Prezident Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Çinpinin Pekində görüşü iki super güc arasındakı münasibətlərdə tarixi bir “sabitlik zirvəsi” kimi qiymətləndirilirdi. Bəzi ekspertlərə görə, Tramp-Cinpin zirvəsi diplomatiyanın klassik bir örnəyidir: Çoxsaylı problemlərin olmasına baxmayaraq riskə getməmək, kiçik qazanclarla kifayətlənmək- yəni, zaman qazanmaq və mövqeləri qorumaq.
Ən maraqlı məqamlardan biri isə qlobal miqyasda diqqətlə izlənilən bu görüşdə Çin lideri Si Cinpinin “Fukidid tələsi”ndən (Thucydides Trap) bəhs etməsi olub. Fukidid (Thucydides, e.ə. 460–400) qədim yunan tarixçisi, hərbçisi və siyasi düşüncə tarixinin ən mühüm nümayəndələrindən biridir. O, Peloponnes müharibəsini izah edərkən yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi”. Bu anlayışa görə, yüksələn bir güc mövcud gücü qorxutduqda, böyük müharibə riski yaranır. Yüksələn gücün (Çin) artan ambisiyaları, mövcud gücün (ABŞ) qorxusu, qarşılıqlı etimadsızlıq, geosiyai şübhələr iki ölkəni ciddi qarşıdurma ilə üz-üzə qoyur.
Yeri gəlmişkən, Harvard Universitetinin professoru Graham Allison bu anlayışı yenidən məşhurlaşdırdı. O, tarixi analiz edərək yazırdı ki, son 500 ildə yüksələn güclə dominant güc arasında 16 böyük qarşıdurmadan 12-si müharibə ilə nəticələnib.
Prezident D.Tramp Pekində keçirilən iki günlük görüşləri “çox uğurlu” və “unudulmaz” adlandırıb. Çin tərəfi isə səfəri “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib. S.Cinpin isə Çin və ABŞ xlaqlarını böyük millətlər adlandıraraq hər iki ölkənin öz milli hədəflərinə nail olmasının yalnız bir-birilərinə dəstək verməklə mümkün olacağını bildirib. O, həmçinin Vaşinqton-Pekin münasibətlərinin yalnız iki ölkənin deyil, dünyadakı 8 milyarddan artıq insanın rifah və əmin-amanlığına təsir etdiyini də vurğulayıb. Çin lideri iki ölkənin ortaq hədəflərini reallışdırmaq üçün birgə çalışmağın vacib olduğuna diqqət çəkərək bildirib ki, bu işbirliyi yalnız Çin və ABŞ üçün deyil, bütün bəşəriyyətə daha yaxşı bir gələcək qurmaq fürsəti yaradır. Bir sözlə, Çin lideri ABŞ ilə münasibətləri “qaçılmaz müharibə” kimi deyil, “idarə olunmalı rəqabət” olaraq təqdim edir.
Ekspertlərə görə, iki ölkə arasında hələ də həllini gözləyən çoxsyalı problemlər (ticarətin zəifləməsi, texnoloji rəqabət, İran müharibəsi, Hörmüz boğazı, Tayvan məsələsi) mövcud olduğuna görə, liderlər arasında böyük bir anlaşma əldə edilməsi mümkün deyildi. Lakin bütün bunların müqabilində hər iki tərəf zaman qazanmaq üçün mövqeyini qoruyub saxlamaq strategiyası yürütdü. Belə ki, D.Tramp üçün İrandakı enereji böhranı daxili siyasət- ABŞ cəmiyyətində reytinqini qoruyub saxlamaq, S.Cinpinə isə iqtisadi yavaşlama dövründə sabitliyi qorumaq və G2 (ABŞ-Çin) bərabərliyi görünüşünü və ya təəssüratını yaratmaq daha vacib idi.
Türkiyəli ekspert Ömər Doğan bildirib ki, ABŞ və Çin dünyanı öz aralarında bölüblər: “Onlar müəyyən məsələlərdə anlaşmaya gəlib və artıq üçüncü bir gücün, fərqli bir səsin ön plana çıxmasına imkan vermək istəmirlər. G7, G20 və uzun illər təriflənən beynəlxalq qurumların əvvəlki təsiri zəifləyir. Qarşımızda yeni bir “G2” modeli formalaşır. Bu iki qlobal güc dünyada yeni nizam qurmağa çalışır. Elə bir sistem qurulur ki, artıq dünyaya təkcə silah gücü ilə deyil, şəxsi məlumatlar vasitəsilə də nəzarət etmək mümkün olsun. ABŞ -ın proqram təminatı imkanları ilə Çinin istehsal gücü birləşərək, nəzarətdən çıxmağın çətin olduğu qlobal bir sistem yaradır. Əsas mesaj budur: əgər masada yeriniz yoxdursa, siz oyunun iştirakçısı deyil, nəticələrinə məruz qalan tərəfsiniz”.
Zahid Rza, “İki sahil”