Təcavüzkar ölkə yenə çalxalanır. İrəvanda gərgin siyasi-ictimai ab-hava hökmranlıq edir. Baş nazir Nikol Paşinyanı devirmək üçün ortaya atılan “keşiş variantı”na indi də bəzi radikal qruplar əlavə olunub. Əslində məsələnin mahiyyəti daha dərindir. Gərginlik isə Paşinyan may ayının sonlarında erməni kilsəsi və ruhanilərə qarşı bir neçə qalmaqallı bəyanatlar verərək subaylıq andını pozan bütün ruhanilərin öz mənəvi xidmətlərindən getmələri ilə bağlı açıqlamaları ilə yeni mərhələyə qədəm qoymuşdu. Baş nazirin həyat yoldaşı Anna Akopyanın sosial şəbəkədə erməni ruhanilərini “riyakarlıqda, əxlaqsızlıqda və saxta dini təqvada” ittiham etməsindən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovvanisyanın “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələməsi isə hökumətlə kilsə arasında münasibətləri daha da gərginləşdirmişdi. Ermənistan təhlükəsizlik qüvvələri iki yepiskopu hakimiyyəti qəsb etmək cəhdində ittiham edərək həbs etmişdi. Baş nazir Nikol Payişyan dünən sosial şəbəkə hesabında belə yazıb: “Şəxsən antidövlət qruplaşması tərəfindən ələ keçirilən erməni kilsəsinin “azad edilməsinə” rəhbərlik edəcəyəm”.
Artıq vəziyyət o qədər ciddiləşib ki, məsələ ilə bağlı Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təmsilçiləri tərəfindən həyəcan təbili çalınır. İyulun 8-də Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi təklifinin müzakirəsi zamanı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Xaçatur Sukiasyan bildirib ki, Ermənistanda heç kim çevriliş edə bilməz. Onun sözlərinə görə, Ermənistanda mövcud qurumlar nəhayət ki, fəaliyyətə başlayıb: “Təbii ki, müəyyən çətinliklər yaradan müəyyən bürokratiya var. Lakin müasir iqtisadiyyat tədricən də olsa, şübhəsiz ki, yaxınlaşır. İqtisadiyyat inkişaf edir və rəqəmsallaşır. Beləliklə, bu bürokratiya tezliklə xeyli azalacaq və Ermənistan inkişaf etməyə başlayacaq. Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan parlamentin vitse-spikeri Ruben Rubinyan iyulun 8-də parlamentin növbədənkənar sessiyasında bildirib ki, Ermənistanda terrora, hərbi və ya hər hansı digər qanunsuz çevrilişlərə yer yoxdur. O, qeyd edib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat əvvəlcə Ermənistanın Tavuş vilayətindən yürüşlə başlayaraq 2018-ci ilin “məxməri inqilab” üsullarını təqlid etməyə çalışıb. Lakin bu yanaşmaların uğurlu olmayacağı bəlli olduqdan sonra hərəkat rəhbərliyinin hərəkətləri daha aqressivləşdi və son nəticədə terror xarakteri aldı. R. Rubinyan deyib ki, müxalifətin bir hissəsi əvvəllər dərc edilmiş səs yazısının doğruluğunu şübhə altına almaqla məsələni bulandırmağa çalışır: “Müxalifət həmkarları hər şeyi şübhə altına almağa çalışırlar. Onlar ilkin olaraq dərc edilən səs yazılarının süni intellekt tərəfindən yaradıldığını iddia edirdilər. Sonra dedilər ki, bu səs yazıları redaktə olunub. Bu gün artıq deyirlər ki, bu, sadəcə, söhbətdir. Amma həmin səs yazısında keşiş deyir: “Nikolu, Alanı və Araratı öldürsəm, bunun üçün mənə nə olacaq?” Qalstanyanın “bir neçə nəfəri güllələyin, daha 15 nəfəri həbs edin, ailələrinə təzminat verin, hamısı xoşbəxt olacaq” deməsi adi söhbətdir? Bu nədir? Kontekst tamamilə məlumdur. Söhbət siyasi hakimiyyətdən gedir”.
Ermənistan mətbuatının məlumatına görə, artıq parlamentindəki “Ermənistan” fraksiyasının üzvü Artur Sarkisyan deputat toxunulmazlığından məhrum edilib. Toxunulmazlığın ləğv olunması qərarı Ermənistan hüquq-mühafizə orqanlarının təqdimatı əsasında verilib. Qərarın hansı səbəblə və hansı ittiham əsasında qəbul edildiyi hələlik rəsmi açıqlanmayıb. İş bununla bitməyib. Onun ardınca “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. Yeri gəlmişkən, Q.Tsarukyan 2020-ci ilə qədər Ermənistan parlamentinin üzvü olub. 2004-cü ildən o, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edib. Mayın sonunda Tsarukyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirakının mümkünlüyünü istisna etməyib və “Ermənistanın təklifi” adlı təşəbbüslə çıxış edib.
Deyəsən, işğalçı ölkədə vəziyyət ermənicədir. Yəni...
Zahid Rza, “İki sahil”