Dünyanın ən böyük təndiri respublikamızın cənub qapısı sayılan Astara şəhərindədir. Xəzər dənizinin sahilində, park-bulvar kompleksinin ərazisində qərar tutan bu bərəkət təknəsi 2015-ci ildə inşa edilib. Hündürlüyü 6,5, eni isə 12 metrdir olan obyektin tikintisində kərpic və daş əvəzinə, əsasən, yüngül metal konstruksiyalardan istifadə edilib. Dünyanın rekordlar kitabına düşən, içəri hissəsi üç bölmədən ibarət təndirdə indinin özündə talış mətbəxinin yeməkləri hazırlanır və çörək bişirilir.
Məlum olsun ki, Astarada təndir düzəltmək işi geniş yayılıb. Rayonun Pensər kəndində bu peşə nəsillikcə ötürmədir. Kənd sakinlərin əksəriyyəti demək olar ki, təndir düzəltməyin ustasıdır, çox ailənin dolanışığı məhz bundan keçir. Həm də burada hazırlanan təndirlər nazik və yüngül olur, keyfiyyətinə görə də seçilir, digər tərəfdən az odunla tez qızır. Respublikamızdan başqa Pensər təndirləri artıq dünyanın çox yerində tanınır. Belə ki, burada düzəldilən təndirlər Rusiya, Türkiyə, Gürcüstan, eləcə Almaniya kimi ölkələrə göndərilir. Rusiyanın müxtəlif şəhərlərinə bəzən ay olur ki, 10-15 ədəd təndir aparılır. Kamçatkada isə təndirlərə xüsusi maraq göstərilir. Çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri hələlik heç nə əvəz edə bilmir.
Pensər kəndində İl boyu təndir kəsmək olur. Qaldı ki, böyük zəhmət tələb edən bir işdir, yayda 2, qışda bəzən 7 günə tam qaydasında hazır olur. 2-3 saata yığılır. Qurumağı bir qədər çəkir. Təndirin hazırlamasına gəldikdə isə bundan ötrü sarı gil və narın çay qumunu götürüb qarışdırıb yoğurulur. Həmin qatışıqdan işin sənətkarı təndir düzəltməyə başlayır. Birinci təndir üçün 15-20 sm hündürlükdə, 90 sm enində özək yaradılır. 3-4 saat müddətində o bir qədər bərkiyir. Sonra təndirin hazırlanma prosesi başlanır. Suyu tam çəkilsin deyə, hazır təndir hava dəyməyən yerdə qoyulur. Tədricən quruyandan sonra yandırılır. Təndirlərin çoxunun uzunluğu 85 sm, eni isə 1, 2 metrə çatır və onlarda bir dəfəyə təxminən 30 çörək bişirilir.
Təndirdə bişirilən çörək, eləcə balıq, toyuq ekoloji cəhətdən təmiz sayılır, yeyiləndə uzun müddət ləzzəti damaqda qalır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü