Bu ilin ilk altı ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniştərkibli Kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri və antinarkotik təbliğatı da xüsusi diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu sahədə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, bütün şəxsi heyətə antinarkotik təbliğatın daha da genişləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar və tövsiyələr verib.
Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda, ictimaiyyətin də birgə səylərini tələb edən mühüm bir məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ictimai fəalların bu sahədəki dəstəyi xüsusi önəm daşıyır.
Nazir, eyni zamanda, narkotiklərlə mübarizəyə dair təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, ictimaiyyət nümayəndələrinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təşəkkürünü ifadə edib.
Həmçinin diqqətə çatdırılıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.