10 iyul 2025 21:18
134

“Yay məktəbi”nin iştirakçıları Ulu Öndərin abidəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə iyulun 8-dən start götürən şəhid övladları üçün təşkil edilən “Yay məktəbi”nin ikinci günüdə uşaqlar şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı onlar Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto, şəxsi əşyalarla tanış olublar. Mərkəzin əməkdaşları uşaqlara dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat veriblər.

Heydər Əliyev Park kompleksindəki “GəncLand” adlı istirahət və əyləncə mərkəzindəki attraksionlardan, avtodrom və oyun meydançasından istifadə edən şəhid övladları xoş anlar yaşayıblar.

Sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə iştirak ediblər.

Xatırladaq ki, dörd gün davam edəcək yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.

Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər. Üçüncü gün uşaqlar Gəncə "İmamzadə ziyarətgah" kompleksini ziyarət edəcək, dördüncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.

Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.