14 iyul 2025 01:10
136

Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Qahirənin qədim məhəllələrinin birində yerləşən Gülşəni qübbəsi adlanan tarixi məkanda Misirdə Məmlüklər irsi ilə bağlı elmi mühazirə təşkil olunub. “İki sahil” xəbər verir ki, Misirin sabiq mədəniyyət naziri doktor İmad Əbu Qazi mühazirəsində Misir tarixində böyük iz qoymuş Məmlüklər dövrü abidələri və əlyazmaları barədə ətraflı məlumat verib.

Şeyx Gülşəni Bərdəinin Azərbaycan ədəbiyyatının məşhur filosof şairlərindən olduğunu diqqətə çatdıran AZƏRTAC-ın müxbiri Misirdə belə tarixi məkanların xalqlarımız arasında ortaq tarixi əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.

Doktor İmad Qazi agentliyin müxbirinə müsahibəsində tədbir keçirilən məkanın tarixi və Gülşəni barədə məlumat verib. Alim qeyd edib ki, Qahirədə Gülşəninin adını daşıyan iki tarixi abidə var. Onlardan biri çərkəz əsilli Məmlük sultanı Qayıtbayın qəsrinin yanında, Məmlüklər qəbristanlığındakı Gülşəni qübbəsidir. Mənbələrə görə, bina Qayıtbay tərəfindən 1474-cü ildə inşa etdirilib.

“Fikrimcə, Qayıtbaydan sonra qübbə Gülşəninin adı ilə adlandırılıb. Sultanın dövrünə aid mənbələrdə buna rast gəlmirik. İkinci abidə isə Gülşəni təkiyyəsidir. Bunu Şeyx İbrahim Gülşəni 1485-ci ildə inşa etdirib. Əli Mübarək əsərində bildirir ki, şeyx vəfat edəndən sonra burada dəfn edilib. Mənbələrdə onun Misirə gələndən sonra sonuncu Məmlük sultanı Tumanbayın dul arvadı ilə evləndiyi bildirilir”, - deyə İmad Qazi əlavə edib.

Ömrünün 30 ilini Misirdə keçirən və orada vəfat edən şeyx Gülşəni 1426-cı ildə Bərdədə anadan olub. Misirə gələn Gülşəni qısa müddət ərzində yerli xalqın böyük rəğbət və ehtiramını qazanıb. Alim 1534-cü ildə vəfat edib. Böyük mütəfəkkirin türkcə divanını doktor Azadə Musayeva Azərbaycanda tədqiq və nəşr etdirib.