15 iyul 2025 10:31
171

Yarım əsrlik səbir, əzm və mübarizə artıq öz bəhrəsini verir

Qardaş Türkiyəni parçlamaq, inkişafına və qlobal güc hədəfinə əngəl olmaq istəyən, terroru maliyyələşdirən bəzi güc mərkəzlərinin əlində alət olan Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatı “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində artıq silahları təhvil verməyə başlayıb. 25 ildən artıq İmralı adasındakı həbsxanada olan Abdullah Öcalan bu il fevralın 29-da “PKK-nın qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini” bəyan edərək qadağan olunmuş təşkilatı özünü ləğv etməyə çağırıb. Buna cavab olaraq, mayın 5-7-də terrorçular “12-ci qurultay” keçirib, bunun ardınca terror təşkilatının özünü buraxdığını və silahlı mübarizəyə son qoyduğunu bəyan ediblər.

1978-ci ildə Diyarbəkrin Lice rayonunun Fis kəndində Abdullah Öcalan tərəfindən yaradılan, iyirminci yüzilliyin ən qanlı terror təşkilatlarından biri olan Türkiyə Cümhuriyyətini təsir və təzyiq altında saxlamağa çalışan qüvvələrin maşası olan PKK ötən 47 ildə 8 mindən artıq polis, əsgər, mühafizəçi və digər təhlükəsizlik əməkdaşını şəhid edib, 25 minə yaxın dövlət qulluqçusunu yaralayıb. Bu terror təşkilatı təxminən 50 il ərzində mülki şəxslərə qarşı da hücumlar təşkil edib, bu hücumlar nəticəsində 5 min 800 mülki şəxs həlak olub, 12 min mülki vətəndaş yaralanıb. Türkiyə PKK ilə 40 ildən artıq müddətdə fasiləsiz mübarizə aparıb. Bu mübarizədə göstərilən qəhrəmanlıq və fədakarlıqlar nəticəsində təşkilatın 43 mindən çox silahlı üzvü zərərsizləşdirilib. Terrorla mübarizə bu günə qədər Türkiyə iqtisadiyyatına 2 trilyon dollar zərər verib.

PKK ilk terror aktını 15 avqust 1984-cü ildə Siirtin Eruh və Hakkarinin Şemdinli rayonlarında həyata keçirib. Bu hücum nəticəsində bir əsgər şəhid olub, 9 əsgər və 3 mülki şəxs yaralanıb. Həmin tarixdən etibarən on minlərlə insanın həyatına son qoyan terror prosesi başlamış olub. Qanlı terror təşkilatı bu gün lideri Abdullah Öcalanın “Sülh və Demokratik Toplum Çağırışı” çərçivəsində silahı yerə qoymağa başlayıb. İyulun 12-də İraqın şimalında daha əvvəl ləğv olunduğunu elan etmiş PKK qruplaşmasına aid döyüşçülərin ilk qrupunun tərksilahı həyata keçirilib. Təntənəli mərasimdə döyüşçülər sıraya düzülərək, İraq və Türkəyədən olan rəsmilərin qarşısında silahları yerə qoyublar. Qruplaşmanın tərksilah prosesini izləmək üçün Türkiyə və İraqdan çox sayda jurnalist, yazar və siyasətçi bir araya gəlib. Süleymaniyəyə bağlı Surdaş nahiyəsinin sərhədlərində yerləşən bir mağarada toplaşan PKK üzvləri silahları ilə birlikdə mağaradan çıxaraq tədbirin keçirildiyi əraziyə gəliblər.15-i qadın olmaqla, 30 nəfərlik PKK qrupu əllərindəki silahları içərisində od yanan böyük bir qazana ataraq məhv edib. Ərazidə qruplaşmanın rəhbərlərindən biri türkcə və kürdcə mesaj səsləndirib.
Tədbirin keçirildiyi yerdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) nümayəndələri, iraqlı rəsmilər, İraq Kürd Muxtariyyətinin rəsmiləri və təhlükəsizlik qüvvələri, DEM Partiyasının üzvləri, bəzi QHT nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Təşkilatın tamamilə silahsızlaşdırılması prosesinin sentyabr ayının sonuna qədər yekunlaşdırılması hədəflənir. Yalnız PKK deyil, bu terror təşkilatının qolları olan PYD, YPG, PJAK, Rojava da qərara əməl etməlidir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 12-də AK Partiyanın ənənəvi Kızılcahamam müşavirə düşərgəsində geniş və tarixi çıxışında terrorla mübarizə, milli birlik və bölgə siyasətinə dair vacib mesajlar yer alıb. Prezident 1984-cü ildən bu yana Türkiyənin terror səbəbi ilə verdiyi böyük itkiləri xatırladaraq bildirib ki, təkcə 10 minə yaxın təhlükəsizlik əməkdaşı şəhid olub. O, bəzi açılmamış cinayətlər və dövlətin keçmişdəki yanlış davranışlarının da terrorun tam aradan qaldırılmasına əngəl olduğunu etiraf edib. Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının (AK Partiya) toplantısındakı çıxışında bildirib: “Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq. Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji savaşların və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin-istər müsbət, istər mənfi-fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq. Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. “Türkiyə Əsri” idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir”.

Zahid Rza, “İki sahil”