15 iyul 2025 11:53
241

Xalqdan güc alan Lider

Lider olmaq yalnız vəzifə daşımaq deyil. Bu, bir xalqın taleyinə yön vermək, dərdinə şərik olmaq, sevincini yaşamaq və gələcəyini formalaşdırmaq məsuliyyətidir. Azərbaycan tarixinin dönüş nöqtələrində cəsarətlə önə çıxan bir şəxsiyyət var: İlham Əliyev. O, təkcə dövlət başçısı yox, həm də xalqın etimadının, dözümünün və qürurunun simvoludur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan son onilliklər Azərbaycanın müasir tarixində ən parlaq səhifələrə çevrilmişdir. Bu tarixdə Zəfər, dirçəliş və milli oyanış öz əksini tapır. Salnamənin zirvəsində isə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Qələbə dayanır.

O günlərdə xalq öz Liderinə baxaraq güc aldı. Hər bir azərbaycanlının qəlbində inam alovlandı. Prezidentin cəbhədən cəbhəyə, tribunadan tribunaya səsləndirdiyi sözlər, dediyi hər cümlə bir vətəndaş üçün silah qədər güclü idi. Ali Baş Komandan İlham Əliyev xalqı ilə birlikdə yalnız torpaqları deyil, itirilmiş inamı, əzilmiş qüruru da azad etdi!

Bu gün Qarabağ dirçəlir. Prezident İlham Əliyevin dəmir iradəsi və xalqın sarsılmaz birliyi sayəsində o torpaqlar yenidən nəfəs alır. Bir zamanlar xarabalığa çevrilmiş kəndlərdə indi uşaq qəhqəhəsi, quşların cəh-cəhəsi, həyata qayıdan həyat var.

Statistik rəqəmlər də bu gerçəyi təsdiqləyir: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib.

Xankəndidəki Qarabağ Universitetinin 1 150 tələbəsi də daxil olmaqla, işğaldan azad edilmiş torpaqlarda məskunlaşanların sayı 43 144 nəfərə çatıb. Bu, sadəcə rəqəm deyil, xalqın yurduna qayıdan ruhunun təcəssümüdür!

Qələbəmiz təsadüfi deyildi. Bu, dövlət başçısının strateji düşüncəsinin, ordunun rəşadətinin, xalqın birliyinin nəticəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız cəbhədə yox, informasiyada, diplomatiyada, siyasətdə də cəbhə xətti qurdu. Media mübarizəsi apardı, ölkəmizə atılan iftiraları məntiq, fakt və qətiyyətlə cavablandırdı. Beynəlxalq tribunalarda qürurla Azərbaycanın haqq səsini ucaltdı. Bu qətiyyət xalqda daha da böyük inam yaratdı.

Prezidentin 44 günlük savaşdakı çıxışları tarixə düşdü. Bu çıxışlar milyonların könlündə yer aldı, gəncindən yaşlısına hər kəsin ürəyində bir təpər, bir qüvvəyə çevrildi. Həmin dövrün ruhu bu gün də yaşamaqdadır - cənab Prezidentin iştirak etdiyi hər bir tədbirdə, hər bir səfərdə onun yerişində qürur, baxışlarında inam, əlində isə xalqın simvoluna çevrilmiş dəmir yumruq var.

Azərbaycanın bugünkü inkişafı, gələcəyə uzanan parlaq yolu  güclü Liderin və xalqın birliyinin bəhrəsidir. Bu yol zəfər yolu, bu yol tarix yazan bir Liderin yoludur!

Məltəm Anar,
Bakı Slavyan Universitetinin Jurnalistika
ixtisası üzrə II kurs tələbəsi