16 iyul 2025 21:00
140

Vətənə sevdalanan ömür

İkinci Qarabağ müharibəsində hünər göstərib  adını zəfər salnaməmizə yazan şəhid  Kamran Araz oğlu  Mirzəyev 1996-cı il mayın 1-də Cəlilabad rayonu, Qarğılı kəndində  dünyaya göz açıb. Vətənə sevdalandığı gündən yağı düşmənin ədalətsiz təcavüzü, əzəli yurd yerimiz Qarabağımızın işğalı onu çox düşündürüb. Odur ki, kənd orta məktəbi başa vuranda birinci istəyi əlinə silah alıb dığalarla son nəfəsə qədər  döyüşüb qisas almaq olub.

Kamran ürəyinin istəyi ilə cəbhə bölgəsində ordu sıralarında xidmət edib. Tapşırılan bütün işlərdə  mərdlik, mətanət, cəsurluq nümunəsi göstərib. Həm də Kamranın Vətəninə olan sevgisi, torpağa bağlılığı zabitləri, əsgərləri heyran qoyub. Keçdiyi təlimlərdən döyüşə tam hazır olduğu bilinib. Həmişə də deyib ki, təcavüzkar  düşmən ən qədər güclü olsa belə haqqın, ədalətin qarşısında acizdir.  Tarixi yurd yerlərimiz həqiqi sahiblərinin yolunu gözləyir.  Əgər Ali Baş Komandan İlham Əliyev müharibə əmrini versə,  mütləq qələbə bizimlədir. Erməni dığası heç cür hazırki ordumuzun qarşısında tab gətirə bilməz. Əminəm tezliklə polad biləklı, Vətən qeyrətli Azərbaycanın mərd oğulları  düşmənin bütün arzularını ürəyində qoyacaq. Özündə də erməni dığaları ilə mübarizə aparmaq üçün tükənməz qüvvə hiss edib.

Mərdlik-kişilik məktəbi olan əsgərlik  fəaliyyətini üzüağ qurtaran Kamran  Araz oğlu  evə qayıdib.  Halal zəhmətdən yapışsa da, xəyalı gecə-gündüz Qarabağda-döyüş bölgələrində dolaşıb.  Vətəni darda olduğuna  görə vicdanı bir an belə onu rahat  qoymayıb.  Qəlbində ermənilərdən intiqam, qisas almaq alovu get-gedə güclənib. Odur ki, İkinci Qarabağ savaşı başlanan kimi səngərə yollanıb. 30 il əsarət altında qalan Qarabağımızın azadlığı üçün Vətənimizin  qeyrətli, mətin oğullari ilə  odlardan, alovlardan keçə-keçə düşmənə layiqli cavab verib. 26 oktyabrda Füzuli döyüşləri zamanı  sonuncu dəfə müharibə meydanına girib. Yağıya qan qusdursa da, özü də  canından artıq sevdiyi Vətən torpaqlarının azadlığı naminə  24 yaşında şəhid olub. Ürəklərə köçüb ölümsüzlüyə qovuşan qəhrəman ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Döyüşdə fərqlənməyə görə" medallara layiq görülüb.

Bəli, Kamran Mirzəyevi  şəhidlik zirvəsinə Vətən, torpaq sevgisi ucaltdı.  Məhz buna görə də qısa ömür yolu  şərəfli və örnək sayılır. Belə  ömür yaşamaq hər kəsə nəsib olmur...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü